
Aşıq Zülfiyyə boşanmaların 99 faizində qız tərəfini günahkar sayıb.
Sənətçi hesab edir ki, boşanmaların böyük hissəsində valideynlərin övladlarının ailə həyatına münasibəti mühüm rol oynayır. Onun sözlərinə görə, ata qızına ailəsini qorumağı tövsiyə etsə, bir çox problemin qarşısını almaq mümkün olar:
“Boşanan qızın valideynlərinin bu işə adi baxmasından irəli gəlir 99 faiz boşanmalar. Oğlan tərəfi haqlıdır. Problem qız tərəfində olur. Ata qızına bir kəlmə desə ki, sənin yerin ailənin yanıdır, o qız ailəsinə sahib çıxar və hər şey gözəl olar. Oğlan evi həqiqətən də yerindən göyə haqlıdır, qız tərəfi isə yox”.
Sənətçinin bu fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb.
Sosioloq Sadıq Rüstəmli Aşıq Zülfiyyənin fikirləri ilə razılaşmadığını bildirib:
"Biz qadınlara ailəni qorumağı öyrətdiyimiz qədər kişilərə də ailə olmağı öyrətməliyik. Çünki ailə bir qadının dözümlülüyü ilə deyil, iki insanın qarşılıqlı məsuliyyəti ilə ayaqda qalır. Xüsusilə üç məqamı önə çıxarmaq lazımdır:
- Boşanmaların 99 faizini qız tərəfinin davranışı ilə əlaqələndirmək elmi əsaslandırılmamış ümumiləşdirmədir.
- Ailənin qorunması məsuliyyətini əsasən qadının üzərinə qoymaq gender stereotiplərinin təkrar istehsalıdır.
- Ailəni qorumaqla, hər hansı şəraitdə nikahı davam etdirməyi eyniləşdirmək olmaz. Ailənin qorunması zorakılığa, təhqirə və psixoloji təzyiqə dözmək demək deyil. Ailə institutunu qorumaq qadının deyil, hər iki tərəfin məsuliyyətidir”.
Sadıq Rüstəmli əlavə edib ki, Aşıq Zülfiyyə İbadovanın boşanmalarla bağlı səsləndirdiyi fikirlər cəmiyyətimizdə ailə münasibətlərinə yanaşmanın yenidən müzakirəsi baxımından müəyyən aktuallıq daşıyır:
“Lakin burada bir məsələni aydınlaşdırmaq lazımdır: ailənin qorunması ilə bağlı ictimai çağırışlar elmi əsaslara, sosial reallıqlara və gender bərabərliyi prinsipinə söykənməlidir. İlk növbədə, boşanmaların 99 faizinin qız tərəfinin, yaxud qadınların mövqeyindən qaynaqlandığını iddia etmək nə sosioloji, nə də statistik baxımdan əsaslandırılmış yanaşmadır. Belə bir nəticəyə gəlmək üçün reprezentativ tədqiqatlar, statistik göstəricilər və səbəb-nəticə əlaqələrini müəyyənləşdirən elmi araşdırmalar olmalıdır. Ailə münasibətləri isə bir tərəfin davranışı ilə izah edilə biləcək qədər sadə sosial hadisə deyil”.
Sosioloq vurğulayıb ki, ailə iki fərdin, iki fərqli sosial mühitin, tərbiyənin, dünyagörüşünün, gözləntilərin və həyat təcrübəsinin bir araya gəlməsindən yaranan mürəkkəb sosial institutdur:
“Bu institutun davamlılığı qarşılıqlı hörmətdən, etimaddan, emosional bağlılıqdan, iqtisadi məsuliyyətdən, ünsiyyət mədəniyyətindən və tərəflərin bir-birinə münasibətindən asılıdır. Buna görə də ailədə yaranan problemlərin məsuliyyətini əvvəlcədən yalnız qadının üzərinə qoymaq obyektiv təhlil deyil, mövcud gender stereotiplərinin təkrarıdır. Məni xüsusilə düşündürən məqam valideynin qızına ünvanladığı, guya ailəni qorumağa xidmət edən tövsiyənin məzmunudur: "Sənin yerin ailənin yanıdır". İlk baxışda bu ifadə ailə dəyərlərinə sədaqət çağırışı kimi görünə bilər. Ancaq onun arxasında daha ciddi bir sosial yanaşma dayanır: qadının ailədəki mövcudluğu onun şəxsi iradəsindən, təhlükəsizliyindən və mənəvi rahatlığından üstün tutulur.
Bəs ailə dedikdə nəyi nəzərdə tuturuq? Yalnız nikahın hüquqi baxımdan davam etməsini, yoxsa insanların qarşılıqlı hörmət, sevgi, etibar və təhlükəsizlik şəraitində yaşamasını?”
Sosioloq hesab edir ki, əgər bir qadın ailəsində fiziki zorakılığa, psixoloji təzyiqə, alçaldılmaya, xəyanətə, iqtisadi məhdudlaşdırmaya və davamlı mənəvi istismara məruz qalırsa, ona “ailəni qoru” demək problemin həlli deyil:
“Bu, bəzən zərərçəkmiş şəxsin üzərinə əlavə mənəvi yük qoymaq, hətta onu yaşadığı vəziyyətə görə məsuliyyətli hiss etdirmək deməkdir. Eyni yanaşma kişilərə münasibətdə də keçərlidir. Heç bir insan cinsindən asılı olmayaraq zorakılığa və təhqirə dözməyə məcbur edilə bilməz. Psixoloji baxımdan da valideynlərin övladlarına verdiyi ailə tərbiyəsi yalnız dözümlülük və güzəşt anlayışları üzərində qurulmamalıdır. Övladlara sağlam münasibət qurmaq, emosiyalarını idarə etmək, münaqişələri dialoq yolu ilə həll etmək, şəxsi sərhədlərə hörmət etmək və qarşı tərəfin hüquqlarını tanımaq öyrədilməlidir. Çünki sağlam ailə qorxu və məcburiyyət üzərində deyil, könüllü bağlılıq və qarşılıqlı məsuliyyət üzərində formalaşır”.
Sadıq Rüstəmli valideynlərin ailə münasibətlərinə təsirinin danılmaz olduğunu xatırladıb:
“Bəzən ailələrin dağılmasında valideynlərin həddindən artıq müdaxiləsi, qohumların təzyiqi, maddi asılılıq, tərəflər arasında formalaşmış yanlış gözləntilər və ailədaxili ünsiyyətin zəifliyi ciddi rol oynayır. Lakin bu təsir yalnız qız tərəfinə aid deyil. Oğlanın da, qızın da valideynləri eyni dərəcədə məsuliyyət daşıyırlar. Oğluna qadına hörmət etməyi, ailədə hökmranlıq deyil, tərəfdaşlıq münasibəti qurmağı öyrətməyən valideynin məsuliyyətini görməzdən gəlmək olmaz. Digər tərəfdən, "qız tərəfi", "oğlan tərəfi" bölgüsü də ailə münasibətlərinin təhlilində doğru metodoloji yanaşma deyil. Nikah iki ailənin deyil, ilk növbədə iki insanın münasibətidir. Münaqişə yarandıqda kimin qohum olmasından, hansı tərəfdən gəlməsindən asılı olmayaraq, ədalətin və obyektivliyin yanında dayanmaq lazımdır. Əvvəlcədən "oğlan tərəfi haqlıdır" və ya "qız tərəfi günahkardır" mövqeyi tutmaq isə hadisəni araşdırmadan hökm verməkdir”.
Sosioloq Aşıq Zülfiyyənin diqqətinə çatdırıb ki, boşanmanı avtomatik olaraq ailə institutunun məğlubiyyəti kimi qiymətləndirmək doğru deyil:
“Bəzən nikahın davam etdirilməsi ailənin qorunması deyil, sadəcə formal ailə görüntüsünün saxlanılmasıdır. Uşaqların psixoloji inkişafı baxımından da daimi münaqişə, təhqir, aqressiya və qorxu mühitində böyümək valideynlərin ayrı yaşamasından daha ağır nəticələr doğura bilər. Uşağa hər qiymətə birlikdə yaşayan valideynlər deyil, sağlam psixoloji mühit və məsuliyyətli valideyn münasibəti lazımdır. Mənim qənaətimcə, ailə dəyərlərini müdafiə etmək istəyiriksə, ilk növbədə bu dəyərlərin məzmununu düzgün müəyyənləşdirməliyik. Ailə yalnız qadının fədakarlığı, kişinin hökmranlığı və valideynlərin müdaxiləsi ilə qoruna bilməz. Ailə qarşılıqlı güzəştin, hüquq bərabərliyinin, sədaqətin, etimadın və ortaq məsuliyyətin olduğu bir mühitdə yaşaya bilər. Atanın qızına "ailəni qoru" deməsi nə qədər vacibdirsə, oğluna da "həyat yoldaşına hörmət et, onun şəxsiyyətini, hüquqlarını və ləyaqətini qoru" deməsi bir o qədər vacibdir. Çünki ailə məsuliyyəti cinsə görə bölüşdürülmür”.
Sosioloq sonda əlavə edib ki, ailəni qorumaq qadının ailədə qalmağa məcbur edilməsi deyil, hər iki tərəfin həmin ailədə qalmaq üçün qarşılıqlı səbəb yaratmasıdır:
“Cəmiyyət olaraq biz boşanmaların sayından daha çox, ailələrin hansı münasibətlər üzərində qurulduğu ilə maraqlanmalıyıq. Məqsədimiz sadəcə boşanmayan cəmiyyət deyil, sağlam, təhlükəsiz, qarşılıqlı hörmətə əsaslanan ailələrin üstünlük təşkil etdiyi cəmiyyət olmalıdır. Çünki ailənin sosial dəyəri onun nə qədər davam etməsi ilə yanaşı, həmin ailədə insanların necə yaşaması ilə də ölçülür”.
Bahar Rüstəmli