
İsmayıllı sakininin həbsdə olan qardaşını azadlığa çıxarmaq vədi ilə aldadıldığı məlum olub.
Qaynarinfo xəbər verir ki, özünü bu işdə kömək edə biləcək şəxs kimi təqdim edən təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə zərərçəkmişdən 4700 manat alaraq şəxsi ehtiyaclarına xərcləyib. Sonradan pulu geri qaytaran və zərərçəkmişlə barışan şəxs barəsində amnistiya tətbiq edilib.
İttiham materiallarına görə, hadisə 2023-cü ilin avqust ayının sonlarında başlayıb. Təqsirləndirilən şəxs təsadüfən tanış olduğu İsmayıllı rayonunun Kürdeldarbəyli kənd sakininə həbsdə olan qardaşı Sahil Məmmədovun azadlığa çıxmasına kömək edəcəyini vəd edib.
O, bu məqsədlə tanış vəkillə danışacağını bildirərək məsələnin həlli üçün 9 min manat lazım olduğunu deyib. Daha sonra sənədləşmə və digər məsələləri bəhanə gətirərək zərərçəkmişin müxtəlif vaxtlarda öz bank kartına ümumilikdə 4700 manat köçürməsini təmin edib.
Lakin təqsirləndirilən şəxs ifadəsində etiraf edib ki, həbsdə olan şəxsin azadlığa çıxmasına kömək edə bilməyəcəyini əvvəldən bilib və bu istiqamətdə heç bir tədbir görməyib. O, aldığı pulları şəxsi ehtiyaclarına sərf edib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs elan olunmuş ittihamla tam razılaşaraq özünü təqsirli bilib. O, vurduğu ziyanı tam ödədiyini, zərərçəkmişlə barışdığını və törətdiyi əmələ görə peşman olduğunu bildirib.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi (dələduzluq – aldatma və ya etibardan sui-istifadə yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) ilə ittiham irəli sürülüb.
Məhkəmə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 2025-ci il tarixli qərarının 5.1-ci bəndini əsas götürərək təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad edib və barəsində cinayət təqibinə xitam verib.
Seyid