
2026–2027-ci ilin qış mövsümündə xəz paltolar yenidən qadın geyimlərinin diqqətçəkən elementlərindən biri olacaq. Stilistlər qarşıdakı mövsüm üçün həm klassik, həm də daha cəsarətli modelləri ön plana çıxarırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə UNIAN nəşri yazıb.
Dizaynerlərin təklif etdiyi modellər arasında uzun və həcmli xəz paltolarla yanaşı, qısa biçimli və heyvan naxışlı variantlar da var. Mövsümün beş əsas trendi belədir:
1. Uzun klassik xəz palto
Ayaq biləyinə qədər uzanan modellər gələn qış da aktuallığını qoruyacaq. Xüsusilə geniş qollu, oversize biçimli və beldən kəmərlə tamamlanan xəz paltolar diqqət çəkəcək. Qəhvəyi, şokolad, süd rəngi, bej və pastel tonlar əsas seçimlər sırasındadır. Bu modelləri hündürboğaz çəkmələr, enli şalvarlar və midi donlarla uyğunlaşdırmaq mümkündür.
2. Həcmli xəz paltolar
Uzun və buruq tüklü, sərbəst biçimli modellər də mövsümün seçilən trendlərindəndir. Geniş yaxalı, iri cibləri və ya kapüşonu olan xəz paltolar xüsusilə populyar olacaq. Krem, bej, karamel və boz çalarlar bu üslub üçün daha münasib hesab edilir. Belə geyimləri düz və ya dar cins şalvarlarla, eləcə də iri altlıqlı ayaqqabılarla birləşdirmək olar.
3. Qısa xəz paltolar
Belə və ya budun ortasına qədər uzanan modellər şəhər üslubuna üstünlük verənlər üçün aktual seçimdir. Geniş qollu, iri yaxalı və nəzərəçarpan tüklü variantlar daha çox diqqət çəkəcək. Mokko, karamel və tünd şokolad rəngləri ön plandadır. Qısa xəz paltoları enli şalvar, yüksəkbel cins və midi ətəklərlə uyğunlaşdırmaq tövsiyə olunur.
4. Xəz yaxalı modellər
Geniş və diqqətçəkən xəz yaxalı paltolar da 2026–2027-ci ilin qış trendləri sırasındadır. Yaxalıq əsas geyimlə eyni rəngdə və ya kontrast çalarda ola bilər. Bel kəməri ilə tamamlanan modellər daha zərif görünüş yaradır. Şokolad, taup, qara və bordo rənglər bu üslubda seçilən çalarlardır.
5. Bəbir naxışlı xəz paltolar
Heyvan naxışları dəbdən düşmür. Xüsusilə uzun tüklü, bəbir naxışlı xəz paltolar qarşıdakı qışda fərqli görünüş yaratmaq istəyənlərin seçimi ola bilər. Qumral, qızılı, qəhvəyi və qara tonlar üstünlük təşkil edəcək. Bu cür geyimləri qara şalvar, sadə sviter və minimal aksessuarlarla tamamlamaq daha məqsədəuyğundur.
Aydın