
Gündəlik qidalanma vərdişləri təkcə fiziki sağlamlığa deyil, beynin fəaliyyətinə də təsir göstərir. Mütəxəssislər bəzi qida və içkilərin həddindən artıq və müntəzəm qəbulunun uzunmüddətli perspektivdə koqnitiv funksiyalara mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edirlər.
Qaynarinfo "Eatingwell"ə istinadən xəbər verir ki, diyetoloqlar beyin sağlamlığını qorumaq və demensiya riskini azaltmaq üçün üç qida qrupunun istehlakını məhdudlaşdırmağı tövsiyə edirlər.
1. Emal olunmuş qırmızı ət
Kolbasa, sosiska, bekon və hot-doq kimi emal olunmuş ət məhsullarının çox istifadəsi diabet, yüksək qan təzyiqi və ürək-damar xəstəlikləri ilə əlaqələndirilir. Bu problemlər isə öz növbəsində beynin sağlamlığına və idrak qabiliyyətinə mənfi təsir göstərə bilər.
Diyetoloq Cennifer Pallianın sözlərinə görə, emal olunmuş qırmızı ətin yüksək miqdarda istehlakı demensiya və koqnitiv funksiyaların zəifləməsi riski ilə əlaqəlidir. “Neurology” jurnalında dərc olunan araşdırmada da hər gün müəyyən miqdarda emal olunmuş qırmızı ət qəbul edən şəxslərdə demensiya riskinin daha yüksək olduğu müəyyən edilib.
Mütəxəssislər bunu həmin məhsulların tərkibindəki natrium, doymuş və trans yağlarla əlaqələndirirlər. Bu maddələr qan təzyiqini yüksəldə, ürək və damar sisteminə zərər verə bilər.
2. Qızardılmış yeməklər
Kartof fri, qızardılmış soğan halqaları və digər yağda bişirilən yeməklərin ara-sıra qəbulu özlüyündə ciddi təhlükə hesab edilmir. Lakin onların gündəlik qidalanmada geniş yer tutması beyin sağlamlığına mənfi təsir göstərə bilər.
Diyetoloq Meggi Munun sözlərinə görə, yüksək temperaturda qızartma zamanı oksidləşdirici stressi və iltihabi prosesləri gücləndirə bilən zərərli birləşmələr yaranır. Bunlardan biri də bəzi karbohidratlı qidaların yüksək temperaturda hazırlanması zamanı əmələ gələn akrilamiddir.
Araşdırmalarda bu maddənin həddindən artıq qəbulunun beyində iltihabi proseslərlə əlaqəsi öyrənilir. Bundan başqa, qızardılmış yeməklər yüksək kalorili və doymuş yağlarla zəngin ola bilər. Bu isə piylənmə və ürək-damar xəstəlikləri riskini artıraraq beyin sağlamlığına dolayı yolla təsir göstərə bilər.
Mütəxəssislər qidaları yağda qızartmaq əvəzinə sobada bişirməyi, qrildə hazırlamağı və ya az yağ tələb edən digər üsullardan istifadə etməyi məsləhət görürlər.
3. Əlavə şəkərli içkilər
Qazlı sərinləşdirici içkilər, enerji içkiləri və digər şəkərli məhsullar da beyin sağlamlığı baxımından diqqət tələb edir. Tədqiqatlar əlavə şəkər qəbulunun yüksək olması ilə koqnitiv pozuntular riski arasında əlaqə olduğunu göstərir.
Diyetoloq Cennifer Pallian bildirir ki, şəkərli içkilər qanda qlükoza və insulin səviyyəsinin sürətlə yüksəlməsinə səbəb ola bilər. Bu vərdiş uzun müddət davam etdikdə insulin müqaviməti və maddələr mübadiləsinin pozulması riski artır. Nəticədə beyin hüceyrələrinin enerji təminatına mənfi təsir yarana bilər.
Mütəxəssislər həmçinin yüksək şəkər qəbulunun iltihab və oksidləşdirici stressi gücləndirə biləcəyini qeyd edirlər. Diyetoloq Meggi Munun sözlərinə görə, şəkərli içkilərin həddindən artıq istifadəsi yaddaş və öyrənmə proseslərində mühüm rol oynayan hipokampusa da mənfi təsir göstərə bilər.
Beyin sağlamlığını qorumaq üçün nə etməli?
Mütəxəssislər qidalanmada MIND pəhrizinə üstünlük verməyi tövsiyə edirlər. Aralıq dənizi pəhrizi ilə DASH qidalanma modelinin xüsusiyyətlərini birləşdirən bu yanaşmada yarpaqlı tərəvəzlər, paxlalılar, qoz-fındıq və balıq mühüm yer tutur.
Bundan əlavə, diyetoloqlar gündəlik rasiona ispanaq və digər yaşıl yarpaqlı tərəvəzlərin daxil edilməsini, zülal mənbələrinin müxtəlifləşdirilməsini məsləhət görürlər. Ət məhsullarının bir hissəsini lobya və mərcimək kimi bitki mənşəli qidalarla əvəz etmək də faydalı hesab olunur.
Fiziki aktivlik də beyin sağlamlığının qorunmasında əhəmiyyətlidir. Mütəxəssislər müntəzəm piyada gəzməyin beyində qan dövranını yaxşılaşdırdığını, oksigen və qida maddələrinin daşınmasına kömək etdiyini bildirirlər. Siqaretdən imtina da vacib addımlardan biridir.
Aydın