
“Məcburi köçkün statusuna yenidən baxılmalıdır”.
Qaynarinfo APA-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, Ağdamda 100 minlik şəhər tikilir: “Təxminən 10 min ağdamlının Ağdam qeydiyyatı yoxdur, başqa rayondan evlənibsə, köçkün sayılmır. Köçkün statusuna yenidən baxılsın və bu məsələyə aydınlıq gətirilsin. Adamın Ağdam qeydiyyatı yoxdursa, yaxud başqa yerə ərə gedibsə, o niyə ağdamlı sayılmamalıdır? Məsələn, mənim atamın Ağdamda 6 otaqlı evi var, 5 bacı, 2 qardaşıq, bizə ev düşmür. O cümlədən, Bəxtiyar Əliyev də oturub burda, ona da və qardaşlarına da ev düşmür Ağdamda. Niyə düşmür?
Mən 70-ci ildən Bakıda yaşayıram, amma məcburi köçkün statusum yoxdur. Atamın mülkündə tikilən evdən niyə mənə verilməsin? Mən gedib Ağdamdan öz puluma ev almalıyam, niyə? Mənə də, qardaşıma da, bacılarıma da ev düşməyib. Niyə düşmür? Başqa şəhərlərdə ərə gediblər. Ya da qardaşım vəzifəsini dəyişib Ağcabədiyə, qeydiyyata düşüb və nəticədə adamın Ağdam qeydiyyatı ləğv olunub. Mən tək deyiləm, Ağdamdan mənə bununla bağlı çoxlu müraciət eləyənlər var”.
Sahibə Qafarova deputatın çıxışına etiraz edib: “Bu qədər iş görülür və niyə bu işlərə ləkə salırsınız? Ağdama ağdamlılar köçməyəndə kim köçür? Hardan, hansı ölkədən gətirib məskunlaşdırırlar? Ağdamlılar köçür. Siz bir dəfə də bu məsələni qaldırmışdınız, demişdiniz ki, ağdamlılara yer vermirlər. Onda da sizə demişdim, bəs kimə yer verirlər? Bu qədər iş görürlər, siz bu işlərə ləkə salırsınız”.