Xəbər lenti

Azərbaycan Vyetnamla strateji tərəfdaşlığını genişləndirir - Tarixi əlaqələr yeni mərhələdə
Siyasət16:38 19.11.2026

Azərbaycan Vyetnamla strateji tərəfdaşlığını genişləndirir - Tarixi əlaqələr yeni mərhələdə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanla Vyetnam arasında münasibətlər ənənəvi diplomatik əlaqələr çərçivəsini aşaraq strateji tərəfdaşlıq mərhələsinə daxil olur. Bu yaxınlaşmanın iqtisadi tərəfi enerji, investisiya və ticarət layihələri ilə müşayiət olunursa, humanitar istiqaməti də münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır.

Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi təşəbbüslər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində Fondun iki ölkə arasında humanitar əlaqələrin dərinləşməsinə verdiyi töhfəni vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, Fondun fəaliyyəti infrastruktur təşəbbüslərindən tutmuş təhsil proqramlarının dəstəklənməsinə qədər geniş sahələri əhatə edir. Vyetnamın Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də bu layihələr sırasındadır.

Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri isə əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm addım olub.

Bu cür təşəbbüslərin əhəmiyyəti yalnız humanitar yardımla məhdudlaşmır. Məktəb tikintisi, təhsil imkanlarının genişləndirilməsi və sosial layihələr xalqlar arasında qarşılıqlı etimadın formalaşmasına xidmət edir. Beləliklə, diplomatik sənədlərdə ifadə olunan tərəfdaşlıq insanların gündəlik həyatında hiss edilən əməkdaşlığa çevrilir.

Azərbaycanla Vyetnamı birləşdirən əlaqələrin tarixi isə 1992-ci ildə qurulan diplomatik münasibətlərdən xeyli əvvələ gedib çıxır. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Bakıya səfər edərək Azərbaycanın dənizdə neft hasilatı təcrübəsi ilə tanış olub. 1983-cü ildə Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnama səfəri də münasibətlərin inkişafında xüsusi yer tutur.

Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, 2 minədək azərbaycanlı mütəxəssis isə Vyetnamın neft sənayesinin formalaşmasına töhfə verib. 1981-ci ildə yaradılan "Vietsovpetro" birgə müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub. Bu faktlar iki ölkə arasında əməkdaşlığın təməlində uzunmüddətli peşəkar təcrübənin və insan əlaqələrinin dayandığını göstərir.

Sonrakı illərdə qarşılıqlı səfərlər siyasi dialoqun inkişafına təkan verib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama, Vyetnam Prezidenti Çıonq Tan Şanqın 2015-ci ildə Azərbaycana səfərləri münasibətlərin genişlənməsində mühüm rol oynayıb. 2025-ci il mayın 7-də Bakıda Prezident İlham Əliyev və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam tərəfindən strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbul edilməsi isə yeni mərhələnin əsasını qoyub.

Həmin ilin iyulunda Hanoyda Hökumətlərarası Komissiyanın üçüncü iclası, Azərbaycan-Vyetnam Biznes Şurasının ilk toplantısı və biznes forumu keçirilib. Bu platformalar siyasi razılaşmaların iqtisadi layihələrə çevrilməsi, şirkətlər arasında birbaşa əlaqələrin qurulması üçün imkan yaradır.

İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. Prezident İlham Əliyev VNA-ya müsahibəsində BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq platformalarda qarşılıqlı əlaqələrin mövcudluğunu vurğulayıb. Bu, Bakı ilə Hanoy arasında dialoqun yalnız ikitərəfli məsələlərlə məhdudlaşmadığını göstərir.

Humanitar münasibətlərin digər istiqamətini mədəniyyət və təhsil mübadiləsi təşkil edir. 2026-cı ildə keçirilən dördüncü "Vyetnam Günləri" çərçivəsində vyetnamlı sənətçilərin Bakı və Qəbələdə çıxış etməsi xalqların bir-birinin mədəniyyətini daha yaxından tanımasına şərait yaradıb. Azərbaycanın Vyetnamda təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün göstərdiyi maliyyə yardımı da qarşılıqlı həmrəyliyin nümunəsidir. Azərbaycan 2024-cü ildə "Yaqi" fırtınasından, 2025-ci ildə isə genişmiqyaslı daşqınlardan zərər çəkmiş Vyetnama dəstək göstərib.

İqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri enerji sektorudur. Energetika Nazirliyinin 2026-cı ilin oktyabrında açıqladığı məlumata görə, 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox Azərbaycan xam nefti tədarük edilib.

SOCAR və "Petrovietnam" arasında yataqların kəşfiyyatı və işlənməsi, neft emalı, neft-kimya və texniki xidmətlər üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilir. Bununla yanaşı, Vyetnamın "ROX Group" şirkəti Azərbaycanda enerji istehsalına investisiya yatırmaq imkanlarını araşdırır. 2026-cı ilin sentyabrında imzalanmış memorandum Bakıda külək, Naxçıvanda isə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutur.

Bu təşəbbüslər tərəfdaşlığın ənənəvi neft sektorundan bərpaolunan enerji sahəsinə doğru genişləndiyini göstərir. Layihələrin reallaşması Azərbaycan üçün yeni investisiya imkanları, Vyetnam üçün isə enerji sahəsində tərəfdaşlığın şaxələndirilməsi deməkdir.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 153,4 milyon dollar təşkil edib. Bu göstərici iqtisadi əlaqələrin genişləndirilməsi üçün hələ kifayət qədər potensialın olduğunu göstərir. Məhsul çeşidinin artırılması, biznes dairələri arasında birbaşa əlaqələrin qurulması və logistika imkanlarından səmərəli istifadə ticarət dövriyyəsinin yüksəlməsinə şərait yarada bilər.

Azərbaycanın nəqliyyat infrastrukturu da bu baxımdan əhəmiyyətlidir. Orta Dəhliz və "Şimal-Cənub" nəqliyyat dəhlizi Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün əlavə imkanlar yaradır.

Prezident İlham Əliyevin sözlərinə görə, 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Dövlət başçısı Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan daha geniş istifadə edilməsinin beynəlxalq dəhlizlərdə ölkəmizin mövqeyini gücləndirəcəyini, eyni zamanda ikitərəfli iqtisadi əlaqələrə töhfə verəcəyini bildirib.

Beləliklə, Azərbaycan-Vyetnam strateji tərəfdaşlığının gələcək nəticələri enerji layihələrinin reallaşmasından, qarşılıqlı investisiyaların artmasından və ticarətin şaxələndirilməsindən asılı olacaq.

Heydər Əliyev Fondunun humanitar təşəbbüsləri isə bu münasibətlərin iqtisadi maraqlarla yanaşı, xalqlar arasında etimad və dostluq üzərində də möhkəmlənməsinə xidmət edir.

Siyasət şöbəsi