Xəbər lenti

Nikah davam edir, amma qadınlar əvvəlki soyadlarına qayıdırlar - Səbəb nədir?
Ölkə16:01 19.11.2026

Nikah davam edir, amma qadınlar əvvəlki soyadlarına qayıdırlar - Səbəb nədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda nikahı pozulmadan əvvəlki soyadına qayıdan qadınların sayı artıb.

Qaynarinfo xəbər verir ki, Ədliyyə Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında nikahı pozulmadan soyadını dəyişərək nikahdan əvvəlki soyadını bərpa edən qadınların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz artaraq 397 nəfərə çatıb. 2025-ci ilin ilk doqquz ayında bu addımı 369 qadın atıb. Beləliklə, bir il ərzində göstərici 28 nəfər artıb.

Sosioloq Mail Yaqub Qaynarinfo-ya açıqlamasında artımın əsas səbəblərindən birinin son illərdə qadınların müstəqilliyinin güclənməsi olduğunu bildirib:

"Bu, qadınlarda xüsusi özgüvən yaradıb. Onlar təhsildə, iş həyatında və müxtəlif sahələrdə uğurlar qazanırlar. Bu da onlarda müstəqillik və özünəinam hissini gücləndirir. Nəticədə əvvəlki soyadlarını saxlamağa üstünlük verirlər. Bu, özlüyündə mənfi tendensiya deyil. Həyat yoldaşını sevən, onunla qarşılıqlı anlaşma şəraitində yaşayan qadın da seçim edərək öz əvvəlki soyadında qala bilər. Buna qalmaqallı hadisə kimi yanaşmağa ehtiyac yoxdur".

Sosioloq hesab edir ki, bu məsələdə ifrata varılması gələcəkdə ailədaxili problemlərə səbəb ola bilər:

"İfrat hər zaman pisdir. Qadının özgüvəni və özünəinamı o həddə çatmamalıdır ki, həyat yoldaşını saymasın, ona dəyər verməsin. Qadın hər məsələdə yalnız öz istəklərini əsas götürərək ‘istədiyim yerə gedərəm, istədiyim insanla münasibət quraram’ düşüncəsi ilə hərəkət etməməlidir”.

Bahar Rüstəmli