Xəbər lenti

Bakı Dövlət Universitetinin rektorları - Məleykə Abbaszadə ilk qadın oldu
Ölkə12:19 19.11.2026

Bakı Dövlət Universitetinin rektorları - Məleykə Abbaszadə ilk qadın oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru dəyişdirilib. Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Səfəralı oğlu Babayev bu vəzifədən azad edilib. Onun yerinə isə indiyədək Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri olan Məleykə Mehdi qızı Abbaszadə təyin olunub.

Qaynarinfo-nun məlumatına görə, 1919-cu ildə yaradılan Bakı Dövlət Universiteti Azərbaycanda ali təhsilin və elmi fikrin formalaşmasında mühüm rol oynayıb. Fəaliyyət göstərdiyi 100 ildən artıq müddətdə universitetə müxtəlif dövrlərdə tanınmış alimlər, ictimai-siyasi xadimlər və elm adamları rəhbərlik ediblər.

BDU-nun ilk rektoru 1919-cu ildə bu vəzifəyə təyin olunan professor Vasili Razumovski olub. O, 1920-ci ilədək universitetə rəhbərlik edib.

Vasili Razumovski

Sonrakı illərdə rektor vəzifəsini Sergey Davidenkov (1920–1923), Aleksandr Qulyayev (1923–1926) və Tağı Şahbazi Simurğ (1926–1929) icra ediblər. Tağı Şahbazi universitetin ilk azərbaycanlı rektoru kimi tarixə düşüb.

Tağı Şahbazi

Universitetin rəhbərliyində sonrakı dövrlərdə Vladimir Yelpatyevski, Maqsud Məmmədov, Məmmədkazım Ələkbərli, Bala bəy Həsənbəyov, Əziz Əliyev və Cəbrayıl Ələsgərov kimi şəxslər təmsil olunublar.

1940–1950-ci illərdə BDU-ya Şamil Əliyev və Abdulla Qarayev rəhbərlik ediblər. Daha sonra bu vəzifəni Cəfər Hacıyev, Yusif Məmmədəliyev və Şəfaət Mehdiyev icra ediblər. Xüsusilə görkəmli alim Yusif Məmmədəliyevin rektorluğu universitetin tarixində əlamətdar mərhələlərdən biri hesab olunur.

1965-ci ildən sonra rektor vəzifəsində Mehdi Əliyev və Faiq Bağırzadə çalışıblar. Faiq Bağırzadə 1970–1987-ci illərdə, təxminən 17 il universitetə rəhbərlik edib.

Müstəqillik ərəfəsində və sonrakı illərdə isə BDU-nun rektorları sırasında Yəhya Məmmədov, Cəmil Quliyev, Mirabbas Qasımov, Firudin Səməndərov və Murtuz Ələsgərov yer alıblar.

1996-cı ildə Misir Mərdanov rektor təyin edilib. 1999-cu ildən etibarən bu vəzifəni Abel Məhərrəmov icra edib. O, 2018-ci ilədək, təxminən 19 il universitetin rəhbəri olub.

Abel Məhərrəmov

2019-cu ildə BDU-nun rektoru vəzifəsinə Elçin Babayev təyin edilib.

Beləliklə, universitetin bir əsrdən artıq tarixi ərzində onun rəhbərliyində müxtəlif nəsilləri və elmi məktəbləri təmsil edən şəxslər yer alıb.

BDU-nun rektorları (xronoloji ardıcıllıqla):

1. Vasili Razumovski (1919–1920)
2. Sergey Davidenkov (1920–1923)
3. Aleksandr Qulyayev (1923–1926)
4. Tağı Şahbazi Simurğ (1926–1929)
5. Vladimir Yelpatyevski (1929)
6. Maqsud Məmmədov (1929–1930)
7. Məmmədkazım Ələkbərli (1934–1935)
8. Bala bəy Həsənbəyov (1935–1937)
9. Əziz Əliyev (1937)
10. Cəbrayıl Ələsgərov (1937–1941)
11. Şamil Əliyev (1941–1944)
12. Abdulla Qarayev (1944–1950)
13. Cəfər Hacıyev (1950–1954)
14. Yusif Məmmədəliyev (1954–1958)
15. Şəfaət Mehdiyev (1958–1965)
16. Mehdi Əliyev (1965–1970)
17. Faiq Bağırzadə (1970–1987)
18. Yəhya Məmmədov (1987–1989)
19. Cəmil Quliyev (1989–1990)
20. Mirabbas Qasımov (1990–1992)
21. Firudin Səməndərov (1992–1993)
22. Murtuz Ələsgərov (1993–1996)
23. Misir Mərdanov (1996–1998)
24. Abel Məhərrəmov (1999–2018)
25. Elçin Babayev (2019–2026)
26. Məleykə Abbaszadə (2026–)

Məleykə Abbaszadə BDU tarixində ilk qadın rektor kimi tarixə düşüb. O, Məleykə Abbaszadə 1953-cü ildə Bakıda anadan olub. 1970-ci ildə Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub, 1975-ci ildə ali təhsilini başa vurub. 1988-ci ildə Kiyevdə dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb.

Abbaszadə əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda başlayıb. Müxtəlif illərdə elmi işçi, şöbə müdiri və aparıcı elmi işçi vəzifələrində çalışıb. Onun dövlət idarəçiliyində fəaliyyəti 1994-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin birinci müavini təyin olunması ilə başlayıb. 2000-ci ilin oktyabrından 2016-cı ilədək TQDK-ya rəhbərlik edib.

Məleykə Abbaszadə

2016-cı il aprelin 12-də Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri, 2024-cü il iyulun 23-də isə qurumun İdarə Heyətinin sədri təyin olunub. Beləliklə, 26 il ərzində ölkənin ali məktəblərə qəbul və imtahan sisteminin idarə edilməsində əsas fiqurlardan biri olub.

Məleykə Abbaszadənin rəhbərliyi dövründə "Abituriyent" jurnalı təsis edilib, qəbul imtahanlarının elmi-statistik təhlili, test bankının yaradılması və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi istiqamətində işlər görülüb. O, eyni zamanda 60-dan çox elmi məqalənin, ali məktəblər üçün iki dərs vəsaitinin müəllifidir. 2008-ci ildə Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü seçilib.

Məleykə Abbaszadə 2013-cü ildə "Şöhrət", 2023-cü ildə isə "Şərəf" ordeni ilə təltif olunub.

Qeyd: 1930–1934-cü illərdə universitetin fəaliyyəti dayandırılıb. Bəzi dövrlərdə rektor səlahiyyətlərini müvəqqəti icra edən şəxslər də olub.

Aydın