Xəbər lenti

Şəkil çəkməyin qadağan olduğu 8 turistik məkan - Cərimə və kamera müsadirəsi riski
Dünya09:39 19.11.2026

Şəkil çəkməyin qadağan olduğu 8 turistik məkan - Cərimə və kamera müsadirəsi riski

Dünyanın bir sıra məşhur turistik məkanlarında foto və video çəkməyə icazə verilmir. Bəzi yerlərdə bu qaydanı pozan turistlər cərimələnə, hətta telefon və kameralarını itirə bilərlər. Qadağalar əsasən dini və mədəni dəyərlərin qorunması, tarixi abidələrin mühafizəsi və insanların şəxsi həyatına hörmətlə bağlıdır.

Qaynarinfo xəbər verir ki, “Fodor’s” nəşri foto çəkməyin məhdudlaşdırıldığı səkkiz məşhur turistik məkanı təqdim edib.

1. Geyşalar məhəlləsi – Yaponiya

Yaponiyanın tarixi geyşa məhəllələrində qadınları onların razılığı olmadan lentə almaq qadağandır. Xüsusilə Kiotonun Gion rayonunda turistlərin geyşaları izləməsi, kimonolarına icazəsiz toxunması və gündəlik fəaliyyətlərinə mane olması ciddi narazılıq yaradıb. 2024-cü ildən ərazidəki bəzi özəl küçələrə turistlərin girişinə də məhdudiyyət qoyulub. Qaydaları pozanları cərimə gözləyə bilər.

2. Qırmızı fənərlər məhəlləsi – Niderland

Niderlandın məşhur Qırmızı fənərlər məhəlləsində vitrinlərdə çalışan qadınların fotoşəkillərini çəkmək qadağandır. Bu qayda onların şəxsi həyatını və təhlükəsizliyini qorumaq məqsədi daşıyır. Qadağanı pozan şəxslər cərimələnə, çəkiliş üçün istifadə etdikləri cihaz isə müsadirə oluna bilər.

3. Tac-Mahalın daxili hissələri – Hindistan

XVII əsrdə inşa edilən Tac-Mahal turistlərin ən çox ziyarət etdiyi tarixi abidələrdəndir. Lakin abidənin daxilində yerləşən dəfn kamerasında foto çəkməyə icazə verilmir. Burada imperator Şah Cahanın və həyat yoldaşı Mümtaz-Mahalın məzarları yerləşir. Ziyarətçilərdən telefonlarını səssiz rejimə keçirmək və sakitliyi qorumaq da tələb olunur.

4. Sikstin kapellası – Vatikan

Vatikanın ən məşhur dini və tarixi məkanlarından olan Sikstin kapellasında foto və video çəkilişləri qadağandır. Ziyarətçilərdən səssizliyə riayət etmək, telefonlarını söndürmək və ya səssiz rejimə keçirmək tələb olunur. Qayda pozulduqda mühafizə əməkdaşları çəkilmiş materialların dərhal silinməsini tələb edə bilərlər.

5. Anna Frankın evi – Niderland

Amsterdamda yerləşən Anna Frankın evi İkinci Dünya müharibəsi dövründə nasist təqiblərindən gizlənən və sonradan həbs düşərgəsində həyatını itirən yəhudi qızın xatirəsinə yaradılmış muzeydir. Burada ziyarətçilərin diqqətini eksponatlara yönəltmək və sakit atmosferi qorumaq məqsədilə foto çəkmək qadağan edilib. Məhdudiyyət ağıllı eynəklərə də şamil olunur.

6. Uluru-Kata Tjuta Milli Parkı – Avstraliya

Avstraliyadakı Uluru və Kata-Tjuta qaya birləşmələri yerli ananqu xalqı üçün müqəddəs hesab olunur. Parkda tam foto qadağası olmasa da, bəzi ərazilərdə çəkiliş aparmaq istənilmir. Bu yerlər xəritələrdə və xəbərdarlıq nişanlarında göstərilir. Yerli xalq həmin qaya formalarının üzərindəki detalları mühüm mədəni məlumatların daşıyıcısı hesab edir.

7. Prado Muzeyi – İspaniya

Madriddə yerləşən Prado Milli Muzeyində sərgi zallarında foto çəkməyə icazə verilmir. Burada Dieqo Velaskesin məşhur “Meninlər” əsəri də daxil olmaqla, minlərlə rəsm əsəri nümayiş etdirilir. Muzey rəhbərliyi bu məhdudiyyəti ziyarətçilərin sıxlığını və sərgi zallarında yaranan tıxacları azaltmaq məqsədilə tətbiq edir.

8. Bukingem sarayı – İngiltərə

Britaniya monarxiyasının rəsmi iqamətgahlarından biri olan Bukingem sarayının daxili hissələrində foto və video çəkilişləri qadağandır. Bu qayda sarayın dövlət otaqlarına təşkil edilən turlarda da qüvvədədir. Ziyarətçilərdən gəzinti zamanı telefon danışıqlarından çəkinmək də xahiş olunur.

Nəşr qeyd edir ki, bu məkanlardakı məhdudiyyətlərin səbəbləri fərqlidir. Bəzi yerlərdə dini və mədəni ənənələrə hörmət əsas götürülür, digərlərində isə insanların məxfiliyinin və tarixi irsin qorunması prioritet sayılır.

Aydın