Xəbər lenti

Haiti prezidentinin qətlində iştirak edən Florida pastoru ömürlük həbs oluna bilər
Dünya15:53 19.11.2026

Haiti prezidentinin qətlində iştirak edən Florida pastoru ömürlük həbs oluna bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Florida ştatından olan pastor Kristian Emmanuel Sanon Haitinin keçmiş prezidenti Jovenel Moizin qətlə yetirilməsi ilə bağlı sui-qəsddə iştirakda təqsirli bilinib.

Qaynarinfo xəbər verir ki, bu barədə “Reuters” və “NBC News” məlumat yayıb.

Mayamidəki federal məhkəmə Sanonu 2021-ci ildə Haitinin dövlət başçısının öldürülməsinə yönəlmiş sui-qəsdin təşkilində iştirakda təqsirli hesab edib. Ona ömürlük həbs cəzası verilə bilər. Hökmün 2027-ci il fevralın 10-da elan olunacağı gözlənilir.

Xatırladaq ki, Jovenel Moiz 2021-ci il iyulun 7-də prezident iqamətgahında silahlı şəxslərin hücumu nəticəsində öldürülüb. Təxminən 30 silahlı şəxsin iştirak etdiyi hücum zamanı prezidentin həyat yoldaşı Martin də yaralanıb. Həmin dövrdə Haiti ciddi siyasi və iqtisadi böhran yaşayırdı.

İstintaqın məlumatına görə, əslən haitili olan və sonradan ABŞ-a köçərək pastor kimi fəaliyyət göstərən Sanon əvvəlcə sui-qəsdçilərin hakimiyyətə gətirmək istədiyi şəxs olub. Lakin onun ölkədə kifayət qədər nüfuza malik olmadığı qənaətinə gəlinərək bu plandan imtina edilib.

Bildirilib ki, Sanon sui-qəsdçilər üçün maliyyə vəsaitinin toplanmasına kömək edib və qətlin təşkilində onlara dəstək göstərib. O, prezidentin öldürülməsindən bir neçə gün sonra Haitidə saxlanılıb.

Qeyd edək ki, Moizin qətli ilə bağlı həm Haitidə, həm də ABŞ-da araşdırmalar aparılıb. İş üzrə onlarla şübhəli şəxs ABŞ məhkəmələri qarşısına çıxarılıb. 2024-cü ildə isə Haiti məhkəməsi prezidentin həyat yoldaşı və ölkənin keçmiş baş naziri Klod Jozefi də qətldə iştirakda ittiham edib.

Aydın