Xəbər lenti

Qazaxıstan çöllərində 3 min il yaşı olan nəhəng qədim şəhər aşkarlandı
Dünya16:22 19.11.2026

Qazaxıstan çöllərində 3 min il yaşı olan nəhəng qədim şəhər aşkarlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qazaxıstanın şimal-şərqində, İrtış çayının sahilində arxeoloqlar indiyədək məlum olmayan nəhəng qədim yaşayış məskəni aşkar ediblər. Təxminən 140 hektar ərazini əhatə edən bu məkan təkcə ölçüləri deyil, həm də inkişaf etmiş şəhərsalma və metallurgiya imkanları ilə diqqət çəkib.

Qaynarinfo xəbər verir ki, bu barədə “National Geographic Polska” nəşri məlumat yayıb.

London Universitet Kolleci (UCL), Darem Universiteti və Torayğırov Universitetinin alimlərinin birgə araşdırması nəticəsində üzə çıxarılan yaşayış məskəni “Semiyarka” – “Yeddi dərənin şəhəri” adlandırılıb. Tədqiqatın nəticələri “Antiquity” elmi jurnalında dərc olunub.

Alimlərin fikrincə, eramızdan əvvəl II minilliyə aid olan bu yaşayış məskəni erkən şəhər nümunələrindən biri hesab edilə bilər. Ərazidə torpaq istehkamlarının qalıqları, ayrı-ayrı təsərrüfat sahələri və mərkəzdə yerləşən monumental tikilinin izləri müəyyən edilib.

Arxeoloqlar hesab edirlər ki, mərkəzi tikili dini mərasimlər üçün istifadə oluna və ya yaşayış məntəqəsinin rəhbərlərinin fəaliyyət göstərdiyi yer ola bilər. İrtış vadisinə nəzarət etməyə imkan verən strateji mövqeyi isə Semiyarkanı erkən ticarət və idarəetmə mərkəzinə çevirmiş ola bilər.

Kəşfin ən maraqlı tərəflərindən biri burada genişmiqyaslı metal emalı fəaliyyətinin izlərinin aşkarlanmasıdır. Qazıntılar və geofiziki tədqiqatlar zamanı mis və qalay bürüncünün əridilməsində istifadə olunan tigellər, metal tullantıları və müxtəlif artefaktlar tapılıb.

Tədqiqatçılar bildirirlər ki, bu tapıntılar qədim çöl icmalarının yalnız kiçik emalatxanalarda deyil, mürəkkəb istehsal sistemləri çərçivəsində metal emalı ilə məşğul olduğunu göstərən mühüm sübutlardır. Ərazinin Altay dağlarındakı mis və qalay yataqlarına yaxınlığı onun Tunc dövründə Mərkəzi Asiyanı digər bölgələrlə birləşdirən metallurgiya şəbəkəsində mühüm rol oynamış ola biləcəyini göstərir.

Araşdırmanın müəlliflərindən olan Darem Universitetinin professoru Den Lourensin sözlərinə görə, Semiyarkanın ölçüləri və planlaşdırma xüsusiyyətləri çöl zonasında indiyədək aşkar edilmiş yaşayış məskənlərindən ciddi şəkildə fərqlənir.

Alimlər hesab edirlər ki, bu kəşf Tunc dövründə Mərkəzi Asiya çöllərində yaşayan insanların sosial təşkilatlanması, şəhərsalma ənənələri və iqtisadi imkanları barədə təsəvvürləri yenidən nəzərdən keçirməyə əsas verir.

Aydın