
Rusiya 2027-ci ildə hərbi xərclərini rekord həddə çatdırmağı planlaşdırır. Gələn il ölkənin büdcəsindən ayrılan hər üç rubldan birinin orduya və silah alışına yönəldilməsi nəzərdə tutulur. Bununla yanaşı, bir sıra sosial və mülki sahələrə ayrılan vəsait azaldılacaq.
Qaynarinfo xəbər verir ki, Rusiya Dövlət Duması 2027–2029-cu illəri əhatə edən federal büdcə haqqında qanunu qəbul edib. Bu barədə “The Moscow Times” nəşri məlumat yayıb.
Büdcə sənədinə əsasən, 2027-ci ildə “Milli müdafiə” maddəsi üzrə xərclər 32 faiz artırılaraq 12,9 trilyon rubldan 17,1 trilyon rubla çatdırılacaq. Beləliklə, federal büdcənin təxminən 35 faizi hərbi ehtiyaclara sərf olunacaq.
“Milli təhlükəsizlik” istiqamətində xərclərin də 7,6 faiz artırılaraq 4,6 trilyon rubla çatdırılması planlaşdırılır. Bu maddəyə Daxili İşlər Nazirliyi, Rosqvardiya, xüsusi xidmət orqanları, İstintaq Komitəsi və penitensiar sistemin maliyyələşdirilməsi daxildir.
Nəticədə, müdafiə və güc strukturlarına birlikdə 21,3 trilyon rubl, yəni dövlət büdcəsinin 44 faizi ayrılacaq.
Hərbi xərclərin artırılması mülki sahələrin maliyyələşdirilməsinin azaldılması hesabına həyata keçiriləcək. Belə ki, milli iqtisadiyyata ayrılan vəsaitin 3 faiz azaldılaraq 4,62 trilyon rubla, mənzil-kommunal təsərrüfatına yönəldilən xərclərin 8 faiz azaldılaraq 1,83 trilyon rubla, səhiyyə xərclərinin isə 3 faiz azaldılaraq 1,81 trilyon rubla endirilməsi nəzərdə tutulur.
Əhalinin sosial müdafiəsinə ayrılan vəsait də 6 faiz azaldılaraq 6,65 trilyon rubl olacaq. Çoxuşaqlı ailələrə dəstək məqsədi daşıyan federal layihənin maliyyələşdirilməsi isə 40 faiz ixtisar ediləcək. “Uzun və fəal həyat” milli layihəsinə ayrılan vəsaitin də 20 faiz azaldılması planlaşdırılır.
Rekord hərbi büdcənin maliyyələşdirilməsi üçün Rusiya hökuməti yeni vergi tədbirləri də tətbiq edəcək. Gələn ildən qızıl hasilatı və əlvan metal istehsalı ilə məşğul olan şirkətlər üçün əlavə mənfəət vergisi nəzərdə tutulur. Bank əmanətləri də daxil olmaqla, passiv gəlirlər üzrə fiziki şəxslərin gəlir vergisinin maksimal dərəcəsi 22 faizə qaldırılacaq. Xarici internet mağazalarından edilən alışlara isə 22 faizlik əlavə dəyər vergisi tətbiq olunacaq.
Bütün bu tədbirlərə baxmayaraq, Rusiyanın dövlət büdcəsinin kəsirlə icra ediləcəyi gözlənilir. Proqnoza görə, 2027-ci ildə xərclər gəlirləri 5,4 trilyon rubl üstələyəcək. Müqayisə üçün, 2026-cı ildə büdcə kəsirinin ilkin planda nəzərdə tutulan göstəricini iki dəfə aşaraq 7,3 trilyon rubla çatacağı hesablanır.
Nəşrin qiymətləndirməsinə görə, mülki xərclərin ÜDM-də payı 2027-ci ildə 9 faizə düşəcək. Bu, 2005-ci ildən bəri ən aşağı göstərici olacaq. Müharibədən əvvəlki 2021-ci ildə həmin göstərici 13 faiz təşkil edirdi.
Aydın