
Bakıda kustar üsulla kəsilmiş ov tüfəngini qanunsuz əldə edərək üzərində gəzdirən şəxsin 1 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm qüvvədə saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, dövlət ittihamçısı cəzanı yüngül hesab edərək apellyasiya protesti versə də, Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib.
1997-ci il təvəllüdlü Bakı sakini Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə materiallarına əsasən, o, istintaqa məlum olmayan mənbədən və naməlum vaxtda İjevsk Silah Zavodunda istehsal edilmiş 16 kalibrli İJ-17 markalı ov tüfənginin kəsiyini qanunsuz əldə edib. Tüfəngin lüləsi və qundağı kustar üsulla kəsilərək ümumi uzunluğu 421 millimetrə, lüləsinin uzunluğu isə 278 millimetrə endirilib.
Daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə şəxs 2026-cı ildə saat 17:05 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi yaxınlığında saxlanılıb.
Onun saxlanıldığı yerdən təxminən 150 metr aralıda üzərinə baxış keçirilərkən qara gödəkçəsinin altında, belinin sağ nahiyəsində göy rəngli torbada gizlətdiyi tüfəngin kəsiyi aşkar edilərək götürülüb. Ekspertiza silahın texniki cəhətdən saz və atəş açmaq üçün yararlı olduğunu müəyyən edib.
Dövlət ittihamçısı apellyasiya protestində 1 illik həbs cəzasının cinayətin xarakterinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmadığını bildirib. O, şəxsin əvvəllər də başqa şəxsin sağlamlığına zərər vurma ilə bağlı məhkum edildiyini, silahı isə insanların sıx hərəkət etdiyi ərazidə gəzdirdiyini vurğulayaraq cəzanın ağırlaşdırılmasını istəyib.
Prokuror həmçinin silahın kustar üsulla kəsilməsinin onun gizli daşınmasına və qəfil istifadəsinə imkan yaratdığını, bu halın isə şəxsin ictimai təhlükəliliyini artırdığını qeyd edib.
Lakin apellyasiya instansiyası dövlət ittihamçısının dəlilləri ilə razılaşmayıb. Məhkəmə bildirib ki, təqsirləndirilən şəxsin əvvəlki məhkumluğu ödənildiyindən, Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən, bu hal onun şəxsiyyətini xarakterizə edən amil kimi nəzərə alına bilməz.
Məhkəmə kollegiyası, həmçinin Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə ilə yanaşı, daha yüngül cəzaların da nəzərdə tutulduğunu xatırladıb. Bu baxımdan, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasının açıq-aşkar ədalətsiz və yüngül hesab edilməsi üçün əsas görməyib.
Nəticədə dövlət ittihamçısının apellyasiya protesti təmin edilməyib və Nərimanov Rayon Məhkəməsinin 1 il həbs cəzası barədə hökmü dəyişdirilmədən saxlanılıb.
Qərara əsasən, təqsirləndirilən şəxsin müdafiəsinə sərf etdiyi 10 saatlıq işə görə vəkil Abdulla İsgəndərova dövlət büdcəsindən 110 manat ödəniləcək.
Aydın