
“SpaceX” şirkətinin qurucusu İlon Mask ABŞ-da aralıq seçkilərində Respublikaçılar Partiyasının namizədlərinə dəstək üçün xərclədiyi təxminən 446 milyon dollara görə təəssüfləndiyini bildirib. O, respublikaçıların seçkilərdə uğursuzluğundan sonra həmin məbləğin daha az hissəsini kampaniyalara ayırmalı olduğunu etiraf edib.
Qaynarinfo xəbər verir ki, Mask bu fikirləri “The New York Times” qəzetinin təşkil etdiyi “DealBook” sammitində jurnalist Endryu Ross Sorkinə müsahibəsi zamanı səsləndirib.
“Bu qədər pul xərclədiyimə və əvəzində demək olar ki, heç nə əldə etmədiyimə görə özümü olduqca axmaq hiss edirəm”, – deyə milyarder bildirib.
Onun sözlərinə görə, ABŞ-da keçirilən seçkilər yalnız maliyyə imkanları hesabına qələbə qazanmağın mümkün olmadığını göstərib.
Mask aralıq seçkilərin ən böyük fərdi maliyyə donoru olub. O, xüsusilə “Tesla” və “SpaceX” şirkətlərinin baş qərargahlarının yerləşdiyi Texas ştatında Respublikaçılar Partiyasının namizədlərinin kampaniyalarına böyük vəsait yönəldib. Lakin respublikaçılar Konqresdə mövqelərini itirib, Texasda da bir sıra mühüm seçki yarışlarında məğlub olublar.
Məlumata görə, demokrat Ceyms Talariko Senat, Cina İnohosa isə qubernator seçkilərində qalib gəlib.
Seçkilərdən sonra Mask Donald Trampla əlaqələndirilən MAGA siyasi hərəkatından da məsafələnməyə çalışıb. O, özünü mülayim siyasətçi kimi təqdim edərək Respublikaçılar Partiyasının proqramını qeyd-şərtsiz dəstəkləmədiyini vurğulayıb.
Aydın