
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Myanmanı müsəlman rohincalara qarşı soyqırım törətməkdə məsuliyyətli hesab edib. Haaqada qəbul edilən qərar tarixi əhəmiyyət daşıyır və ölkənin 2017-ci ildə həyata keçirdiyi hərbi əməliyyatlarla bağlıdır.
Qaynarinfo-nun məlumatına görə, məhkəmə müəyyən edib ki, Myanma hərbçiləri həmin əməliyyat zamanı azı 10 min nəfəri öldürüb. Həmçinin rohincalara qarşı kütləvi cinsi zorakılıq, uşaqlara hücum və qonşu Banqladeşə qaçmağa çalışan insanların təqib edilməsi halları qeydə alınıb. Hakimlərin qənaətinə görə, təhlükəsizlik qüvvələrinin hərəkətləri müsəlman azlığın əhəmiyyətli hissəsini məhv etmək məqsədi daşıyıb.
Qeyd edək ki, ölkənin qərbində yerləşən Rakhayn ştatında keçirilən hərbi əməliyyatlar nəticəsində 700 mindən çox insan evini tərk edərək Banqladeşə sığınmağa məcbur olub. Hazırda həmin ölkədə təxminən 1,2 milyon rohinca qaçqın yaşayır. Məhkəmə, həmçinin bu etnik qrupa mənsub əhali arasında doğum səviyyəsinin azaldılmasına yönəlmiş tədbirlərin həyata keçirildiyini də müəyyən edib.
Myanma hakimiyyəti isə irəli sürülən ittihamları rədd edərək hərbi əməliyyatların rohinca silahlı qruplaşmalarının polis məntəqələrinə hücumlarına cavab olduğunu və milli təhlükəsizlik məqsədi daşıdığını bildirib.
Beynəlxalq Ədalət Məhkəməsinin qərarı yekun xarakter daşıyır və icrası məcburidir. Bununla belə, qurumun qərarların yerinə yetirilməsini təmin etmək üçün özünün məcburetmə mexanizmi yoxdur. Buna baxmayaraq, hökmün Myanmaya qarşı beynəlxalq müstəvidə ciddi nəticələr doğuracağı və gələcək soyqırımı işləri üçün presedent yaradacağı gözlənilir.
Aydın