Xəbər lenti

Hüquqi dövlətin memarı kimdir və yaxud vətəndaş cəmiyyətinin görünməyən gücü (ŞƏRH)
Siyasət16:39 20.11.2026

Hüquqi dövlətin memarı kimdir və yaxud vətəndaş cəmiyyətinin görünməyən gücü (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

(Yazı "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusu üzrə hazırlanıb)

“Hüquqi dövləti möhtəşəm bir memarlıq abidəsinə bənzədirlər. Kənardan baxdıqda onun dayaqları qanunlar, divarları isə dövlət institutları kimi görünür. Lakin bu binanın içərisinə daxil olduqda aydın olur ki, ona həyat verən, əslində, burada nəfəs alan insanlardır. Əgər vətəndaşlar özlərini bu məkanda yalnız tamaşaçı kürsüsündə əyləşmiş seyrçilər kimi görsələr, uğurlu qərarları kənardan alqışlayıb, ədalətsizliklə qarşılaşdıqda isə narazılıqlarını yalnız pıçıltı ilə ifadə etsələr, ən mükəmməl qanunlar belə kağız üzərində donmuş sətirlərdən o yana keçə bilməz”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, politoloq Zaur İbrahimli deyib.

Onun fikrincə, vətəndaş hüquqi dövlətin seyrçisi deyil, onun həm memarı, həm də gündəlik nəbzini müəyyənləşdirən əsas iştirakçısıdır. Hüquq yalnız qorunduqda və gündəlik davranış normasına çevrildikdə işlək olur:

"Vətəndaşın ictimai həyatdan çəkildiyi yerdə isə hüquqi dövlət tədricən öz mahiyyətini itirərək formal görüntüyə çevrilir”.

Ekspert vurğulayıb ki, vətəndaşların bu fəal iştirakının davamlı olması üçün dövlətlə fərd arasındakı münasibətlər incə tarazlıq üzərində qurulmalıdır:

"Bu tarazlıq iki möhkəm dayaq arasında uzanan körpünü xatırladır: dövlətin qoruduğu azadlıq və vətəndaşın həyata keçirdiyi ictimai nəzarət. Dövlət vətəndaşın azadlığını mümkün olan ən geniş çərçivədə, yalnız başqa insanların hüquq və ləyaqətinə, eləcə də ictimai təhlükəsizliyə toxunduğu məqamda məhdudlaşdırmaq şərti ilə qorumalıdır. Çünki insanın öz potensialını reallaşdıra bilmədiyi, sözünün və təşəbbüsünün sıxışdırıldığı mühitdə nə yaradıcı enerji qalır, nə də dövlətə səmimi bağlılıq. Digər tərəfdən, nəzarətsiz qalan istənilən idarəetmə mexanizmi zamanla öz səhvlərini görmək qabiliyyətini itirir. Vətəndaşın dövlət fəaliyyətinə nəzarəti idarəçiliyin əl-qolunu bağlamaq üçün deyil, ona güzgü tutmaq üçündür”.

Zaur İbrahimli hesab edir ki, ictimai nəzarət dövlət idarəçiliyində ən təsirli xəbərdarlıq və özünütənzimləmə mexanizmlərindən biridir:

“Məhz bu nöqtədə cəmiyyətin yetkinliyini ölçən əsas sual ortaya çıxır: mütəşəkkil və güclü vətəndaş cəmiyyəti hansı rolu oynaya bilər? Sual verən, hesabatlılıq tələb edən və alternativ rəylər formalaşdıran ictimai institutlar vətəndaş cəmiyyətinin ictimai nəzarət mexanizmi kimi fəaliyyət göstərir. Güclü vətəndaş cəmiyyəti hüquqi dövləti problemlərdən qoruyan dərin kök sistemi kimidir. O, cəmiyyətlə qərarvericilər arasında etibarlı körpü yaradır, konstruktiv dialoqun qurulmasına və ortaq həll yollarının tapılmasına şərait yaradır”.

Politoloq əlavə edib ki, vətəndaş cəmiyyətinin missiyası insanlara yalnız nəzəri biliklər ötürməklə məhdudlaşmır:

"İnsanlara yalnız qanunlarda təsbit olunmuş hüquqlarını xatırlatmaq, yolçunun əlinə xəritə verib ona çətin yollarda necə irəliləməyi öyrətməməyə bənzəyir. Buna görə də vətəndaş cəmiyyəti maarifçiliklə kifayətlənməməli, insanlara öz hüquqlarını necə qorumağı da öyrətməlidir. Con Lokkun təbii hüquqlar fəlsəfəsindən Aleksis de Tokvilin könüllü birliklər haqqında müşahidələrinə qədər uzanan nəzəri yanaşmaların mahiyyətinə görə, cəmiyyət yalnız dövlət tərəfindən idarə olunan kütlə deyil. Əksinə, o, ortaq dəyərlər, qarşılıqlı etimad və könüllü təşəbbüslər əsasında birləşən fərdlərin yaratdığı canlı sosial ekosistemdir”.

Politoloq vurğulayıb ki, hüquqi dövlət quruculuğu prosesində vətəndaş cəmiyyəti qanunun aliliyinin təmin edilməsinin əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir:

"Hüquqi dövlətin möhkəm təməllərindən biri qanunların və hüquq normalarının icrasına ictimai nəzarəti təmin edən mexanizmlərin mövcudluğudur. Müstəqil ictimai birliklər, ekspert icmaları və təşəbbüs qrupları qərarların qəbulu prosesində şəffaflığı təşviq edir, korrupsiya risklərinə qarşı ictimai immunitetin formalaşmasına kömək göstərir və dövlət siyasətinin cəmiyyətin real ehtiyaclarına uyğunlaşdırılmasına xidmət edir”.

Zaur İbrahimlinin sözlərinə görə, vətəndaş cəmiyyəti hüquqi dövlətin həm vicdanlı bələdçisi, həm də ictimai inkişafın mühüm təminatçısıdır:

“Vətəndaş təşəbbüsləri və ictimai platformalar insanlar üçün bir növ ictimai məktəb rolunu oynayır. Bu platformalar onlara dialoq aparmaq, fərqli mövqelərə dözümlü yanaşmaq və ortaq problemlərin həlli üçün birgə fəaliyyət göstərmək vərdişləri qazandırır. Bu, olduqca vacibdir. Çünki insanlar qanunun aliliyinin əhəmiyyətini ortaq dəyər kimi qəbul etdikdə hüquqi dövlət daha da möhkəmlənir. Vətəndaş cəmiyyəti məhz bu dəyərin formalaşmasına və cəmiyyətdə möhkəmlənməsinə töhfə verir. Azərbaycan qanunvericiliyi ictimai iştirakçılığın genişləndirilməsi üçün mühüm hüquqi imkanlar yaradır. Xüsusilə “İctimai iştirakçılıq haqqında” Qanun və müvafiq normativ-hüquqi baza dövlət idarəçiliyi ilə cəmiyyət arasında sistemli dialoqun qurulması üçün institusional çərçivə formalaşdırır. Mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən İctimai Şuralar, qərar və qanun layihələrinin əvvəlcədən müzakirəsini nəzərdə tutan ictimai dinləmələr, açıq məsləhətləşmələr və ictimai rəyin öyrənilməsi prosedurları vətəndaşın səsini qərarvermə prosesinə çatdıran mühüm vasitələrdir”.

Ekspertin sözlərinə görə, bu mexanizmlər ictimai nəzarəti qanunla təmin edilmiş konkret iştirak hüququna çevirir:

"Lakin vətəndaşlar özləri də bu imkanlardan səmərəli istifadə etməli, ictimai iştirakçılığın hüquqi və praktiki mexanizmlərini öyrənməlidirlər”.

Politoloq sonda qeyd edib ki, qanunun yaratdığı imkanlarla vətəndaş təşəbbüskarlığı birləşdikdə ictimai iştirakçılıq dövlət siyasətinin keyfiyyətini yüksəldən, qarşılıqlı etimadı gücləndirən və hüquqi dövlət quruculuğunu gündəlik reallığa çevirən canlı prosesə çevrilir.

Bahar Rüstəmli

Material Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanmışdır.