Xəbər lenti

Koroğlu metrosunda özünü bıçaqlayan gəncin cinayət işi: 4 aylıq həbs qərarı
Ölkə15:11 20.11.2026

Koroğlu metrosunda özünü bıçaqlayan gəncin cinayət işi: 4 aylıq həbs qərarı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda sərxoş vəziyyətdə taksi sürücüsünü döyən və üzərində qanunsuz ov bıçağı gəzdirən gənc 4 ay müddətinə azadlıqdan məhrum edilib.

Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Sabirabad rayonunun Qaragüney kəndində anadan olmuş şəxs Cinayət Məcəlləsinin 221.1 və 228.5-ci maddələri ilə təqsirli bilinib.

Hadisə Nizami rayonu, Qara Qarayev prospekti 53A ünvanında, “LC Waikiki” mağazası ilə “Otto Dönər” kafesinin qarşısında baş verib.

Məhkəmə materiallarına əsasən, gənc tanışları ilə birlikdə spirtli içki qəbul etdikdən sonra “Bolt” vasitəsilə taksi sifariş edib. Avtomobildə musiqinin qoşulması ilə bağlı yaranan mübahisə zamanı sərnişinlərdən biri sürücünü təhqir etməyə başlayıb. Sürücü avtomobili saxlayaraq sərnişinlərdən düşmələrini istəyib.

Bundan sonra gənc taksi sürücüsünə yaxınlaşaraq onun sifət nahiyəsinə üç dəfə yumruq zərbəsi endirib. Nəticədə sürücünün üz nahiyəsində xəsarətlər yaranıb.

Araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs hadisədən əvvəl əldə etdiyi ov bıçağını da üzərində gəzdirib. O, sonradan barəsində elan edilmiş axtarış nəticəsində “Koroğlu” metrostansiyasının girişində polis əməkdaşları tərəfindən saxlanılarkən bıçağı çıxararaq öz qarın nahiyəsinə xəsarət yetirib. Ekspertiza nəticəsində onun qarın boşluğuna nüfuz edən, həyat üçün təhlükəli ağır xəsarət aldığı müəyyən edilib.

Məhkəmədə təqsirləndirilən şəxs ittihamı tam etiraf edib, əməlindən peşman olduğunu və zərərçəkmişlə barışdığını bildirib. Taksi sürücüsü də təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmə bu halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, gəncin əvvəllər də məhkum olunduğunu və oxşar xarakterli cinayət törətdiyini qeyd edib.

Nəticədə ona xuliqanlığa görə 3 ay, soyuq silahı qanunsuz əldə edib gəzdirməyə görə isə 3 ay həbs cəzası təyin edilib. Cəzalar qismən toplanaraq qəti olaraq 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilib. Hökm elan edilən kimi o, məhkəmə zalında həbsə alınıb.

Aydın