Xəbər lenti

Pentaqonda 2,5 milyard dollarlıq F-35 böhranı - 17 min ehtiyat hissəsi yoxa çıxıb
Dünya13:36 20.11.2026

Pentaqonda 2,5 milyard dollarlıq F-35 böhranı - 17 min ehtiyat hissəsi yoxa çıxıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın F-35 qırıcı təyyarələrinin istehsalı və texniki xidməti ilə bağlı milyardlarla dollarlıq ehtiyat hissələrinin taleyi sual altına düşüb. Pentaqonun uçot sistemində təxminən 2,5 milyard dollar dəyərində 17 min detalın qeydə alınmadığı üzə çıxıb. Hadisə ABŞ-da təhlükəsizlik və dövlət nəzarəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” nəşri məlumat yayıb.

ABŞ Hökumətinin Hesabatlılıq Ofisinin (GAO) son hesabatına əsasən, 2026-cı ilin martına F-35 proqramının ehtiyat hissələri inventarında ümumi dəyəri 31 milyard dollar olan 26 milyon detal mövcud olub. Lakin onların arasında təxminən 17 min hissənin Pentaqonun qeydiyyat sistemində əks olunmadığı müəyyənləşdirilib.

Bundan başqa, 2018-2022-ci illərdə bir milyondan çox ehtiyat hissəsinin izi itirilib. Dəyəri 85 milyon dolları ötən həmin detalların hazırda harada olduğu məlum deyil.

Məsələ ilə bağlı danışan təhlükəsizlik üzrə ekspert, istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ hadisənin xarici ölkələrin casusluq fəaliyyəti ilə əlaqəli olması ehtimalını aşağı qiymətləndirib. Onun fikrincə, bu, daha çox ABŞ-ın daxili idarəetmə və siyasi mübarizəsi ilə bağlı problem ola bilər.

Ekspert ehtiyat hissələrinin itkin düşməsinin ciddi nəzarət boşluqlarına işarə etdiyini bildirib. O, hadisənin Donald Tramp administrasiyasını siyasi baxımdan çətin vəziyyətə salmaq məqsədilə ortaya çıxarılmış ssenari ola biləcəyini də istisna etməyib. Başbuğ hesab edir ki, iddialar təsdiqlənərsə, məsuliyyət məsələsi ABŞ prezidentinin administrasiyasına qədər uzana bilər.

Digər tərəfdən, ekspert bu vəziyyətin F-35 proqramının tamamilə dayandırılmasına səbəb olacağını düşünmür. Onun sözlərinə görə, itkin düşən hissələrin hamısının uçuş təhlükəsizliyi və istehsal prosesi baxımından eyni əhəmiyyətə malik olub-olmadığı hələ məlum deyil. Hazırda təyyarələrin istehsalı davam edir.

Qeyd edək ki, F-35 proqramında istifadə olunan ehtiyat hissələri ABŞ ordusu ilə yanaşı, layihədə iştirak edən digər ölkələr tərəfindən də istifadə olunur. Məsələnin tam aydınlaşdırılması üçün itkin hissələrin həqiqətən yoxa çıxması, yoxsa uçot sistemindəki problemlər səbəbindən qeydə alınmaması müəyyən edilməlidir.

Aydın