
Uzun və sağlam ömür sürmək üçün mütləq idman zalına getmək və ağır məşqlər etmək lazım deyil. Dünyanın ən uzunömürlü insanlarının həyat tərzini araşdıran mütəxəssis gündəlik təbii fiziki aktivliyin daha böyük əhəmiyyət daşıdığını bildirir.
Qaynarinfo xəbər verir ki, bu barədə İspaniyanın “OK Diario” nəşri məlumat yayıb.
Amerikalı tədqiqatçı və yazıçı Den Byuttner dünyanın uzunömürlü insanların çox yaşadığı beş bölgəsini – Yaponiyanın Okinava adasını, İtaliyanın Sardiniya əyalətini, Kosta-Rikanın Nikoya bölgəsini, Yunanıstanın İkariya adasını və ABŞ-ın Loma Linda şəhərini araşdırıb.
Onun gəldiyi qənaətə görə, bu ərazilərdə yaşayan insanlar pilates, krossfit və ya idman zalında intensiv məşqlərlə məşğul olmurlar. Bunun əvəzinə onlar gün ərzində daim hərəkətdə olurlar, piyada gəzir, bağ-bağçada işləyir və ev işlərini özləri görürlər.
Byuttner hesab edir ki, müntəzəm gəzinti sağlamlıq üçün ən faydalı vərdişlərdən biridir. Tədqiqatçının fikrincə, gündəlik piyada gəzmək marafona hazırlaşmaqla əldə edilən faydanın təxminən 90 faizini təmin edə bilər.
Nəşr uzunömürlülüyə təsir edən digər amillərə də diqqət çəkib. Bunların arasında düzgün qidalanma xüsusi yer tutur. Uzunömürlü insanların menyusunda lobya və digər paxlalılar, tam taxıllar, tərəvəzlər, kök bitkiləri və qoz-fındıq üstünlük təşkil edir. Onlar ət və yüksək dərəcədə emal olunmuş qidaları isə az istehlak edirlər.
Bundan başqa, sosial münasibətlər və ailə bağları da sağlam həyatın vacib şərtlərindən sayılır. Dostlar və qonşularla ünsiyyət, ailə dəstəyi, stressin idarə olunması, istirahət və gün ərzində qısa yuxu fasilələri bu insanların həyat tərzində mühüm yer tutur.
Araşdırmada həyat məqsədinin olması, siqaretdən uzaq durmaq və alkoqol istehlakını məhdudlaşdırmaq da uzunömürlülüklə əlaqələndirilir.
Beləliklə, tədqiqatçının qənaətinə görə, sağlam və uzun ömür üçün əsas məsələ ağır idman proqramları deyil, gündəlik həyatda hərəkəti təbii vərdişə çevirməkdir.
Aydın