
Pivə və tünd spirtli içkilərin qəbulu böyrəklərin ciddi zədələnməsi riskini artırır. Şərab içilməsi isə əksinə, bu riskdən qoruyur.
Qaynarinfo “The Guardian”a istinadən xəbər verir ki, bu barədə “Scientific Reports” jurnalında dərc olunan tədqiqatın nəticələrində bildirilir.
Qeyd olunur ki, həftədə doqquz vahid tünd spirtli içki qəbul edən insanlarda kəskin böyrək zədələnməsinin yaranma ehtimalı həftədə cəmi bir vahid qəbul edənlərlə müqayisədə 26 faiz yüksəkdir. Bir spirt vahidi 10 millilitr və ya 8 qram təmiz etil spirtinə bərabərdir.
“Pivə həvəskarları da yüksək risk altındadır. Həftədə 24 vahid pivə qəbul edənlərdə bu xəstəliyin yaranma ehtimalı həftədə üç vahid pivə içənlərlə müqayisədə 15 faiz yüksəkdir”, deyə materialda bildirilir.
Alimlərin sözlərinə görə, həftədə 14 vahiddən az qırmızı və ya ağ şərab qəbul edilməsi böyrəklərin zədələnməsi riskini artırmır.
Bununla yanaşı, doktor Rudolf Şutte və həmkarları müəyyən ediblər ki, həftədə 14 vahiddən çox şərab içənlərdə də risk eyni səviyyəyə yüksəlir. Bu miqdar Böyük Britaniyanın baş tibbi rəsmiləri tərəfindən tövsiyə edilən həftəlik maksimum alkoqol həddidir.
Tədqiqatçılar alkoqol qəbulu ilə kəskin böyrək zədələnməsi arasında birbaşa əlaqə olduğu qənaətinə gəliblər. Bununla belə, onlar yalnız bu iki amil arasında assosiasiya aşkar etdiklərini və əlaqənin səbəb-nəticə xarakteri daşıdığını sübut edə bilmədiklərini vurğulayıblar.
“Kəskin böyrək zədələnməsi xroniki böyrək xəstəliyinə, böyrək çatışmazlığına və vaxtından əvvəl ölüm riskinin artmasına səbəb ola bilən ciddi vəziyyətdir. Alkoqol ənənəvi olaraq qaraciyərə təsiri səbəbindən böyrək zədələnməsi ilə əlaqələndirilsə də, araşdırmamız göstərir ki, tünd spirtli içkilər və pivə iltihabi proseslər vasitəsilə böyrəklərin zədələnməsinə birbaşa töhfə verə bilər”, deyə Şutte bildirib.
Alkoqol Araşdırmaları İnstitutunun rəhbəri doktor Piter Rays isə qırmızı şərabın digər spirtli içkilərlə müqayisədə sağlamlıq üçün daha faydalı olduğunu iddia edən tədqiqatların nəticələrini ehtiyatla şərh etməyə çağırıb.
“Alkoqollu içkilərin müxtəlif növlərinin sağlamlığa təsirini araşdırmaq bir sıra amillərə görə çətindir. Ümumilikdə, şərab içən insanlarda qidalanma və fiziki aktivliklə bağlı risk faktorları daha az olur, həmçinin onlar maddi baxımdan daha təminatlı olurlar. Alkoqol molekulunun orqanizmin toxumalarına təsiri içkinin növündən asılı deyil. Buna görə də sağlamlıq nəticələrindəki fərqlər çox vaxt sosial təminatsızlıq da daxil olmaqla, digər risk amilləri ilə əlaqədar olur”, deyə o izah edib.
Aydın