
Sosial media fenomeni Aliks Erl qısa müddətdə milyonlarla dollar qazanan məşhurlardan birinə çevrilib. Cəmi 25 yaşlı influenserin reklam xarakterli bir paylaşımından 250-500 min dollar gəlir əldə etdiyi bildirilir. O, həmçinin öz kosmetika brendini quraraq biznesini genişləndirir.
Qaynarinfo xəbər verir ki, "TikTok" və "Instagram"da böyük izləyici auditoriyasına malik Aliks Erl artıq təkcə sosial media fenomeni deyil, həm də biznes dünyasında tanınan simalardandır. “Hollywood Reporter” nəşrinə müsahibəsində özünü gələcəyin milyard dollarlıq gözəllik imperiyasının qurucusu kimi təqdim edən Erl şəxsi brendi ilə də diqqət çəkir.
O, sızanağa meyilli dərilər üçün nəzərdə tutulan “Reale Actives” adlı dəriyə qulluq markasını yaradıb. Brendin mart ayında keçirilən təqdimat günündə satışların 5 milyon dolları keçdiyi bildirilir. Bu marka Hayli Biberin “Rhode Skin” və Selena Qomezin “Rare Beauty” brendləri ilə müqayisə olunur.
Erlin gəlirləri yalnız reklam və öz biznesi ilə məhdudlaşmır. O, 2025-ci ildə “PepsiCo”ya 1,95 milyard dollara satılan prebiyotik qazlı içki markası “Poppi”nin ilk investorlarından biri olub.
Fenomenin “TikTok” platformasında 8,7 milyon, “Instagram”da isə 5,9 milyon izləyicisi var. Onun ümumi sərvətinin təxminən 20 milyon dollar olduğu təxmin edilir. 2025-ci ildə sponsorlu Instagram paylaşımına görə 450 min dollar qazandığı da bildirilir.
Aliks Erl sentyabr ayında ailəsinin də iştirak etdiyi “Earle Meets World” adlı “Netflix” layihəsi ilə televiziya sahəsinə də qədəm qoyub. Layihənin artıq ikinci mövsüm üçün təsdiqləndiyi qeyd olunur.
Mütəxəssislər və media nümayəndələri onun sosial şəbəkələrdə yaratdığı böyük istehlakçı marağını əsas götürərək, biznes fəaliyyətini bu sürətlə davam etdirəcəyi təqdirdə gələcəkdə milyarderə çevrilə biləcəyini proqnozlaşdırırlar.
Aydın