
Bakının Zirə qəsəbəsində fərdi yaşayış evlərinə girərək qızıl-zinət əşyaları, mobil telefonlar və tikinti alətləri oğurlayan iki nəfər uzunmüddətli həbs cəzasına məhkum edilib.
Qaynarinfo-nun məlumatına görə, 1991-ci il təvəllüdlü G.H. 3 il, 1990-cı il təvəllüdlü K.L. isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar yeznə və qayın olublar.
Məhkəmənin müəyyən etdiyi hallara görə, 1991-ci il təvəllüdlü G.H. 2026-cı ilin fevral ayında Zirə qəsəbəsində yerləşən iki fərdi yaşayış evinə gecə saatlarında daxil olaraq oğurluq edib. O, evlərdən qızıl sırğa, sep və üzüklər, eləcə də elektrik naqili, laqonda, drellər, su nasosu, kombi kollektoru və perforator aparıb.
İlk hadisə nəticəsində zərərçəkmişə 930 manat, ikinci hadisə nəticəsində isə 1500 manat məbləğində ziyan dəyib.
Bundan başqa, G.H. qayını K.L. ilə əlbir olaraq Zirə qəsəbəsi, Ağamalı küçəsində yerləşən Nəcəf İbrahimovun evinə də girib. Bu dəfə evdən 400 manatlıq “Redmi” və 600 manatlıq “Honor” markalı mobil telefonlar, eləcə də ümumi dəyəri 3000 manat olan qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkmişə ümumilikdə 4000 manat ziyan dəyib.
İstintaq materiallarına əsasən, oğurluq zamanı K.L. evin həyətinə daxil olaraq əmlakı götürüb, G.H. isə küçədə dayanaraq ətrafı müşahidə edib. Onlar oğurladıqları əşyaları sonradan sataraq əldə etdikləri pulları şəxsi ehtiyaclarına xərcləyiblər.
Məhkəmədə hər iki şəxs ittihamı tam qəbul etməyib. Onlardan biri oğurluqları tək törətdiyini, digəri isə ümumiyyətlə, hadisələrdə iştirak etmədiyini və ibtidai istintaq zamanı təzyiq altında etirafedici ifadə verdiyini bildirib. Lakin məhkəmə müdafiəçilərin iştirakı ilə verilmiş ilkin ifadələri, üzləşdirmə və hadisə yerində ifadələrin yoxlanılması protokollarını, eləcə də digər sübutları əsas götürərək onların bu iddialarını inandırıcı hesab etməyib.
Qeyd edək ki, hər iki şəxsin əvvəllər də oğurluq cinayətinə görə məhkum edildiyi məlum olub. Onlar əvvəlki cəzalarından şərti olaraq vaxtından əvvəl azad edilsələr də, məhkumluqları ödənilməmiş qalıb. Məhkəmə bu halı cinayətlərin residivi kimi qiymətləndirərək cəzanı ağırlaşdıran hal hesab edib.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə G.H. Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 3 il, K.L. isə 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Aydın