
Azərbaycan əsilli rusiyalı iş adamı, “Lukoil” şirkətinin qurucusu Vahid Ələkbərov dünyanın ən zəngin milyarderləri arasında mövqeyini qoruyur.
Qaynarinfo xəbər verir ki, “Forbes” jurnalının noyabrın 21-nə olan real vaxt reytinqində 76 yaşlı milyarder 29,5 milyard dollarlıq sərvətlə 77-ci yerdə qərarlaşıb.
1950-ci il sentyabrın 1-də Bakıda dünyaya gələn Vahid Ələkbərov Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) ali təhsil alıb. Karyerasına neft sənayesində başlayan iş adamı sovet dövründə də neft-qaz sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Onun biznes fəaliyyətində əsas dönüş nöqtəsi 1991-ci il olub. Həmin vaxt üç iri neft hasilatı müəssisəsinin birləşdirilməsi nəticəsində “Lukoil” şirkəti yaradılıb. Sonrakı illərdə şirkət Rusiya neft sənayesinin əsas oyunçularından birinə çevrilib.
Ələkbərov 1993-cü ildən 2022-ci ilin aprelinə qədər “Lukoil”in prezidenti vəzifəsini tutub. Həmin ilin aprelində vəzifəsindən ayrılan milyarder şirkətdəki təxminən 30 faizlik payını qoruyub saxlayıb.
“Forbes”un qiymətləndirməsinə əsasən, onun hazırkı sərvəti 29,5 milyard dollardır.