Xəbər lenti

Monqolustanda 2000 illik nəhəng məzar tapıldı: İçərisindən 413 qiymətli əşya çıxarıldı (FOTO)
Dünya11:50 21.11.2026

Monqolustanda 2000 illik nəhəng məzar tapıldı: İçərisindən 413 qiymətli əşya çıxarıldı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Monqolustanda arxeoloqlar təxminən 2 min il əvvələ aid, uzunluğu 73 metr olan nəhəng məzar kompleksi aşkarlayıblar. Qazıntılar zamanı 413 qiymətli artefakt üzə çıxarılıb. Tapıntılar arasında Çin istehsalı nefrit bəzək əşyaları, Koreya üslubunda gümüş məmulatlar və Roma imperiyasından gətirildiyi ehtimal edilən şüşə qab da var.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Daily Galaxy” nəşri məlumat yayıb.

Məzar Şərqi Monqolustanda yerləşən və qədim hunların dəfn yeri kimi istifadə etdiyi Durlig-Nars nekropolunda aşkar edilib. Təxminən eramızdan əvvəl III əsrdən başlayaraq geniş ərazilərdə hökmranlıq edən hunlara aid olduğu bildirilən kompleks eramızın I əsrinin sonu və ya II əsrin əvvəlinə aiddir.

Bu, Monqolustanda indiyədək aşkarlanmış ən böyük hun məzarı hesab olunur. Arxeoloji tədqiqatlara 2023-cü ildə Koreya Milli Muzeyi, Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutu və Monqolustan Milli Muzeyinin birgə layihəsi çərçivəsində başlanılıb.

Giriş dəhlizi ilə birlikdə 73 metr uzunluğunda olan kompleksin mərkəzi hissəsi torpağın təxminən 15 metr dərinliyində yerləşir. Tikilinin daxilində bir-birinin içərisində yerləşən iki dəfn kamerası aşkarlanıb. Onların üzəri doqquz qat daşla örtülüb. Arxeoloqlar taxta tabuta çatmaq üçün bu qatları ehtiyatla sökməli olublar.

Mərkəzi kameranın üst hissəsində lakla örtülmüş araba da tapılıb. Bu əşya dəfn olunan şəxsin yüksək sosial mövqeyə malik olduğunu göstərir. Lakin onun kimliyi hələ müəyyənləşdirilməyib.

Tapıntılar üç böyük sivilizasiya ilə əlaqəni göstərir

Aşkar edilən 413 artefakt arasında ən diqqətçəkən nümunələrdən biri qulplu şüşə qabdır. Tədqiqatçılar onun Roma imperiyasından gətirilmiş ola biləcəyini düşünürlər. Əşyanın dəqiq mənşəyini müəyyənləşdirmək üçün kimyəvi tərkibinin təhlili planlaşdırılır.

Sarkofaqın dibində üzəri naxışlarla bəzədilmiş 15 nefrit disk də tapılıb. Koreya Milli Muzeyinin məlumatına görə, bu əşyalar Çin Han sülaləsi dövrünə aid məzarlarda aşkarlanan nefrit nümunələrini xatırladır. Bununla belə, onların forması və daha incə oyma detalları fərqlənir.

Arxeoloqlar, həmçinin Koreyada daha əvvəl tapılmış nümunələrə bənzər naxışları olan gümüş at yəhəri və qoşqu elementləri aşkarlayıblar. Bu əşyalar qədim dövrdə uzaq bölgələr arasında ticarət, diplomatik mübadilə və digər əlaqələrin mövcudluğunu göstərir.

Məzarın quruluşu alimləri düşündürür

Kompleksin qeyri-adi xüsusiyyətlərindən biri də mərkəzi dəfn kamerasının digər elit hun məzarları ilə müqayisədə daha dayaz yerləşməsidir. Məsələn, Mərkəzi Monqolustanda əvvəllər araşdırılmış başqa bir məzarda kamera bundan təxminən 7,6 metr daha dərində olub.

Alimlər bu fərqin məzarın tikildiyi dövrdə hunların siyasi gücünün zəifləməsi ilə əlaqəli ola biləcəyini ehtimal edirlər. Eramızın I əsrinin sonlarına doğru bu xalqın Avrasiya çöllərindəki təsiri əvvəlki gücünü itirməyə başlamışdı. Tikilinin xüsusiyyətləri həmin dövrdə cəmiyyətdə baş verən dəyişiklikləri əks etdirə bilər.

Məzarın sahibinin kimliyini müəyyənləşdirmək üçün diş və saç nümunələri götürülüb. Aparılacaq DNT analizinin dəfn olunan şəxsin mənşəyi və hun cəmiyyətinin demoqrafik quruluşu barədə yeni məlumatlar verəcəyi gözlənilir.

Aydın