
“Grand Theft Auto 6” (GTA 6) satışa çıxarıldığı ilk gündən videooyun tarixində yeni rekorda imza atıb. Oyunun cəmi 24 saat ərzində əldə etdiyi gəlir 3,79 milyard dollara çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə oyunun istehsalçısı “Rockstar Games” məlumat yayıb.
Şirkət GTA 6-nın əyləncə sənayesi tarixində ilk gündə ən yüksək gəlir əldə edən məhsula çevrildiyini açıqlayıb. Bildirilib ki, oyun əvvəlcədən sifariş mərhələsində müxtəlif oyun platformaları üzrə 32,5 milyon nüsxə satılaraq rekord müəyyənləşdirib.

GTA 6-nın ilk gün gəliri seriyanın əvvəlki hissəsi olan GTA 5-in 2013-cü ildə qeydə aldığı nəticəni dəfələrlə üstələyib. Belə ki, GTA 5 satışa çıxdığı ilk 24 saatda təxminən 800 milyon dollar qazandırmışdı. Yeni oyunun gəliri isə bu göstəricidən təxminən 4,7 dəfə çoxdur.
Bundan başqa, GTA 6-nın gəlirinin dünya üzrə təxminən 2,9 milyard dollar kassa gəliri əldə etmiş “Avengers: Endgame” filminin ümumi nəticəsini də geridə qoyduğu bildirilir.

“Rockstar Games”in qurucusu Sem Hauzer dünyanın müxtəlif ölkələrindən oyunçuların göstərdiyi marağa görə minnətdarlığını ifadə edib.
Oyun “PlayStation 5” və “Xbox” platformaları üçün satışa çıxarılıb. Tənqidçilərdən də yüksək qiymət alan GTA 6 “Metacritic” platformasında 99 bal toplayıb.
Oyunun böyük populyarlıq qazanması ilə yanaşı, ABŞ-da hüquq-mühafizə orqanları da vətəndaşlara xəbərdarlıq edib. Bir sıra polis idarələri virtual dünyada təsvir olunan avtomobil oğurluğu, təhlükəli sürücülük və zorakılıq kimi hərəkətlərin real həyatda təkrarlanmamasına çağırıb.

Atlanta Polis Departamenti sosial şəbəkədə paylaşdığı müraciətdə GTA-nın real məkan olmadığını xatırladaraq, virtual əyləncə ilə həyati qərarların qarışdırılmamasını tövsiyə edib.
Aydın