
Gündəlik qidalanma arterial təzyiqin tənzimlənməsində mühüm rol oynayır. Kardioloqlar ürək-damar sisteminin sağlamlığını qorumaq və yüksək təzyiq riskini azaltmaq üçün gündəlik menyuya daxil edilməli dörd əlçatan məhsulu açıqlayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə “Eating Well” nəşri kardioloqların tövsiyələrinə istinadən məlumat yayıb.
1. Yarpaqlı göyərtilər
Kardioloq Conatan Salik yüksək təzyiqin nəzarətdə saxlanılması üçün ispanaq və kələm kimi yarpaqlı tərəvəzləri tövsiyə edir. Bu məhsullar kaliumla zəngindir. Kalium orqanizmdən artıq natriumun xaric edilməsinə və qan damarlarının rahatlamasına kömək edir.
Bundan əlavə, yarpaqlı göyərtilərin tərkibində olan nitratlar orqanizmdə azot oksidinə çevrilir. Bu maddə damarların genişlənməsinə şərait yarada bilər. İspanağı yumurta, şorba və digər yeməklərə əlavə etməklə gündəlik qidalanmada onun miqdarını artırmaq mümkündür.
2. Lobya
Lobya kalium, lif, bitki mənşəli zülal və müxtəlif minerallarla zəngin məhsuldur. Mütəxəssislər bildirirlər ki, paxlalılar uzun müddət toxluq hissi yaradır və yüksək təzyiqin azaldılmasına yönəlmiş DASH pəhrizinin əsas komponentlərindəndir.
Bununla belə, konservləşdirilmiş lobya alarkən duz miqdarına diqqət yetirmək lazımdır. Mümkün qədər duzsuz və ya az natriumlu məhsullara üstünlük verilməsi, istifadə etməzdən əvvəl isə lobyanın yuyulması məsləhət görülür.
3. Üyüdülmüş kətan toxumu
Həkim Fred Uotsonun sözlərinə görə, üyüdülmüş kətan toxumu yüksək arterial təzyiqi olan insanlar üçün faydalı qida əlavəsi ola bilər. Onun tərkibində lif, omeqa-3 yağ turşularının bitki mənşəli forması və liqnanlar adlanan faydalı bitki birləşmələri var.
Mütəxəssislər kətan toxumunun bütöv deyil, üyüdülmüş formada qəbulunu tövsiyə edirlər. Çünki bütöv toxumlar həzm sistemindən dəyişmədən keçə və tərkibindəki faydalı maddələrin mənimsənilməsi azala bilər.
Onu sıyığa, yoqurta, smuziyə və müxtəlif xəmir məhsullarına əlavə etmək mümkündür. İlk mərhələdə az miqdardan başlamaq tövsiyə olunur.
4. Moruq
Kardioloq Bredli Server liflə zəngin meyvələrin ürək-damar sağlamlığı üçün əhəmiyyətini vurğulayır. Bu baxımdan moruq xüsusi seçilir. Bir stəkan moruqda təxminən 8 qram lif və 65 kalori var.
Meyvənin tərkibindəki antosianinlər kimi antioksidantlar ürək və qan damarlarının sağlamlığının qorunmasına kömək edə bilər. Dondurulmuş moruq da qida dəyəri baxımından təzə meyvəyə yaxın olduğundan onu ilin bütün fəsillərində istehlak etmək mümkündür.
Aydın