
İspaniyanın Kastiliya-La-Mança muxtar bölgəsində yerləşən Kuenca şəhəri qeyri-adi memarlığı və tarixi görməli yerləri ilə diqqət çəkir. Xüsusilə qayalıq üzərində, çayın üzərinə doğru çıxıntı yaradan qədim evlər bu şəhəri turistlər üçün maraqlı istiqamətlərdən birinə çevirib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazıb.
Madridin cənubunda, dağlıq ərazidə yerləşən Kuencanın ən məşhur tikililəri “Casas Colgadas”, yəni “Asılı evlər” adlanır. Qotika üslubunda inşa edilən bu binalar Uekar çayının üzərindəki sıldırım qayalara söykənir. Hündür pəncərələri və taxta dekorativ elementləri ilə seçilən evlərin XIII-XV əsrlər arasında tikildiyi ehtimal olunur.
Vaxtilə bu cür tikililərin sayı daha çox olsa da, hazırda yalnız üçü qorunub saxlanılıb. Onlardan biri – “Casa de la Sirena” restoran kimi fəaliyyət göstərir. Digər tikilidə isə İspaniya abstrakt incəsənət muzeyi yerləşir.
Turistlərə evlərin ən yaxşı mənzərəsini görmək üçün “Puente de San Pablo” adlı dəmir piyada körpüsündən keçmək tövsiyə olunur. Şəhərin tarixi görməli yerləri bununla da bitmir. “Asılı evlər”in yaxınlığında XII əsrə aid kilsə, eləcə də bir neçə muzey fəaliyyət göstərir. Onların arasında Antonio Saura Fondu, Elm Muzeyi və Antonio Perez Fondu da var.
Kuencaya səfər edənlərə yerli mətbəxin nümunələrini dadmaq da məsləhət görülür. Xüsusilə sarımsaq, pomidor və bolqar bibəri ilə hazırlanan duzlu treska balığı – “ajoarriero”, eləcə də paştetə bənzəyən “morteruelo” yeməyi bölgənin tanınmış təamları sırasındadır. Şəhərin Kastillo adlanan hissəsində müstəqil restoranlar və mənzərəli məkanlar da turistlərin diqqətini çəkir.
Nəşrin məlumatına görə, Kuencaya getmək istəyənlər üçün ən yaxın hava limanı Madrid-Baraxas aeroportudur.
Məqalədə İspaniyanın az tanınan, lakin ziyarətə dəyər digər şəhəri kimi Valensiya bölgəsindəki Kastelyon-de-la-Plana da qeyd olunur. Orta əsrlərə gedib çıxan tarixi, aristokratik evləri, bağları və tarixi kilsələri ilə seçilən şəhər, həmçinin 1949-cu ildən fəaliyyət göstərən Mərkəzi bazarı ilə tanınır.
Aydın