
Misirdə arxeoloqlar təxminən 5 min illik tarixə malik qədim Buto şəhərinin qalıqları altında indiyədək məlum olmayan böyük tikilinin izlərini aşkar ediblər. Alimlər onun məbəd ola biləcəyini ehtimal edirlər. Maraqlıdır ki, obyektin mövcudluğu əvvəlcə peyk görüntüləri vasitəsilə müəyyənləşdirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Popular Mechanics” nəşri məlumat yayıb.
Araşdırma Tel əl-Farain arxeoloji ərazisində aparılıb. “Fironlar kurqanı” kimi də tanınan bu yaşayış məskənində daha əvvəl astronomik rəsədxananın qalıqları tapılmışdı. Yeni tədqiqat zamanı isə torpaq altında gizlənən başqa tikililərin də mövcudluğu üzə çıxıb.
İlk mərhələdə Avropa Kosmik Agentliyinin “Sentinel-1” peyklərindən əldə edilən radar görüntüləri təhlil olunub. Təxminən 128 metr uzunluğunda və 62 metr enində oval formalı anomaliya tədqiqatçıların diqqətini çəkib. Daha sonra bu ehtimalı yoxlamaq üçün torpağın elektrik müqavimətini ölçən tomoqrafiya metodundan istifadə edilib.
Əsas tapıntı yer səthindən 3-6 metr dərinlikdə aşkarlanıb. Söhbət Misirdə XXVI sülalənin hakimiyyəti dövrünə, yəni təxminən eramızdan əvvəl 664-cü ildən sonrakı Sais dövrünə aid kərpic tikilidən gedir.
Qazıntılar zamanı dini məzmun daşıyan çoxsaylı əşyalar tapılıb. Onların arasında Vadjət, İsida, Anubis, Hor və Bes tanrılarının təsvirləri olan amuletlər, Hatorun təsviri həkk edilmiş fayans lövhə, qurbanlıq qabı və firon III Tutmosun skarabeyə bənzər amuleti də var.
Tapıntılar tikilinin kiçik məbəd ola biləcəyini göstərsə də, onun dəqiq təyinatı hələ müəyyənləşdirilməyib. Alimlər ərazidə torpaq qatlarının altında başqa dini tikililərin də gizlənə biləcəyini istisna etmirlər.
Tədqiqat qrupu gələcəkdə geofiziki araşdırmaların əhatəsini genişləndirməyi və qədim şəhərin daha dərin mədəni qatlarını öyrənməyi planlaşdırır. Məqsəd Butonun torpaq altında qalan digər memarlıq nümunələrini və tarixi sirlərini üzə çıxarmaqdır.
Aydın