
Elə bir hadisə baş verib ki, süni intellektin kiberməkanda açdığı yeni dövrün nə qədər qorxulu ola biləcəyi bir daha üzə çıxıb. Heç bir peşəkar hakerlik təcrübəsi olmayan bir şəxsin süni intellektin köməyi ilə nəhəng bankları hədəf alan hücumlar həyata keçirməsi dünyada ciddi narahatlıq yaradıb. Üstəlik, bu dəfə təhlükə yalnız banklarla məhdudlaşmır. Daha böyük risklər qapıdadır. Hadisənin təfərrüatları...
Rəqəmsal dünyanın ən böyük təhlükəsizlik problemlərindən biri olan kiberhücumlar süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi ilə yeni və daha təhlükəli mərhələyə qədəm qoyur.
Proqram təminatındakı boşluqları aşkarlaya, hücum proseslərini sürətləndirə və texniki bilik tələb edən əməliyyatlarda istifadəçilərə yol göstərə bilən süni intellekt alətləri hakerliyin sərhədlərini dəyişir.
Əvvəllər ciddi texniki bilik və peşəkarlıq tələb edən hücumların artıq bu sahədə təcrübəsi olmayan şəxslər tərəfindən də həyata keçirilə bilməsi hökumətləri və beynəlxalq şirkətləri narahat edir. Bu dəyişimin ən diqqətçəkən nümunələrindən biri Cənubi Koreyada yaşanıb. Ölkənin ən azı doqquz böyük bankı kiberhücumların hədəfinə çevrilib, on minlərlə Cənubi Koreya vətəndaşının maliyyə məlumatlarının internetə sızdırıldığı bildirilib.

Həvəskarın süni intellektin köməyi ilə bacardıqları təəccübləndirdi
Texnologiya şirkəti “CrowdStrike”ın araşdırmasına görə, şübhəli şəxs hücumları həyata keçirmək üçün süni intellekt əsaslı bir neçə çatbotdan istifadə edib. Bildirilir ki, hücumçu bu alətlərdən birindən ələ keçirdiyi məlumatları internet üzərindən necə sata biləcəyi ilə bağlı məsləhət alıb. Bundan əlavə, kibertəhlükəsizlik sahəsində bacarıqlarını olduğundan daha yüksək göstərən saxta CV hazırlatdırıb.
Araşdırma süni intellektin yalnız peşəkar hakerlərin işini asanlaşdırmadığını, eyni zamanda texniki bilik və təcrübəsi məhdud olan şəxslərə də daha mürəkkəb hücumlar həyata keçirmək imkanı verdiyini göstərib.
“CrowdStrike” şirkətinin düşmən hücumlarına qarşı əməliyyatlara cavabdeh olan baş vitse-prezidenti Adam Meyers süni intellekt alətlərinin kiberhücumların xarakterini kökündən dəyişdirdiyinə diqqət çəkib.
Meyers bildirib: “Əslində, istənilən adi insan, hətta haker olmayan biri belə bu alətləri əldə edərək müxtəlif hədəflərə hücum etməyə başlaya bilər”.
Avropada supermarketlər də hədəfdədir
Süni intellekt dəstəkli kiber təhdidlərin təsiri yalnız banklar və maliyyə qurumları ilə məhdudlaşmır. İsveç, Belçika və Lüksemburqdakı supermarket şəbəkələri onlarla mağazada gecə saatlarında soyuducu və dondurucuların temperaturunun qəfil yüksəlməsi səbəbindən həyəcan vəziyyətinə keçib.
Hadisələrin oktyabrın 12-də Fransada yüzlərlə supermarketi təsir altına alan kiberhücumun davamı ola biləcəyi ehtimal edilir.
Fransadakı hücum zamanı internetə qoşulmuş soyutma sistemlərinin idarəetməsi pozulub. Nəticədə soyuq zəncirin fəaliyyəti dayanıb, tonlarla ərzaq məhsulu məhv edilib və milyonlarla avro dəyərində zərər yaranıb.

Narahatlıq doğurur: Minlərlə gizli təhlükəsizlik boşluğu aşkarlanıb
Kiberhücumların xarakterindəki bu dəyişiklik ABŞ-ın milli təhlükəsizlik qurumlarının da gündəmindədir.
Ötən ay ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) süni intellekt alətlərindən istifadə edən bir araşdırma şirkətinin PHP proqramlaşdırma dilində ciddi təhlükəsizlik boşluğu aşkarladığına diqqət çəkib.
İnternet saytlarının təxminən 70 faizində istifadə edilən bu proqramlaşdırma dilindəki boşluq vaxtında aradan qaldırılmadığı üçün lazımi təhlükəsizlik yeniləmələrini quraşdırmayan saytların fəaliyyətinin dayandırılması tövsiyə edilib.
Süni intellektin kibertəhlükəsizlik sahəsindəki imkanlarını nümayiş etdirən digər mühüm hadisə isə “Anthropic” şirkətinin hazırladığı “Mythos” modeli olub.
Şirkət aprel ayında yaydığı açıqlamada modelin kibertəhlükəsizlik boşluqlarını aşkarlamaq və hücum üçün istifadə edilə biləcək zəif nöqtələri müəyyənləşdirmək baxımından son dərəcə inkişaf etmiş imkanlara malik olduğunu bildirib. Bu səbəbdən modelin yalnız etibarlı tərəfdaşlar və hökumətlərlə paylaşılacağı qeyd edilib.
Araşdırmalarda “Mythos” modelindən istifadə olunması nəticəsində minlərlə yeni proqram təminatı təhlükəsizlik boşluğunun aşkarlandığı, onlardan bəzilərinin onilliklər ərzində sistemlərdə mövcud olmasına baxmayaraq üzə çıxmadığı bildirilib.
Bu hadisələrdən sonra Tramp administrasiyası əvvəlcə “Anthropic”, daha sonra isə “OpenAI” tərəfindən hazırlanmış ən güclü kibertəhlükəsizlik imkanlarına malik modellərə çıxışla bağlı məhdudiyyətlər tətbiq edib.
Yeni qaydalara əsasən, yalnız hökumət tərəfindən təsdiqlənmiş məhdud sayda qurum inkişaf etmiş modellərdən müdafiə məqsədli kibertəhlükəsizlik təhlillərinə mane olan filtrlər olmadan istifadə edə bilir.
Lakin bu qərar texnologiya şirkətləri və kibertəhlükəsizlik mütəxəssisləri arasında mübahisələrə səbəb olub. Bir qrup güclü süni intellekt modellərinin bədniyyətli şəxslərin əlinə keçməsinin böyük risk yaratdığını bildirir. Digərləri isə şirkətlərin özlərini qoruya bilməsi üçün eyni dərəcədə inkişaf etmiş alətlərə çıxışının vacib olduğunu düşünür.
Alternativlər tükənmir: Yeni təhlükə Çindən gəlir!
Ekspertlərin narahatlığını artıran digər məsələ pulsuz və açıq mənbəli süni intellekt modellərinin sürətlə inkişaf etməsidir. Xüsusilə Çin şirkətləri tərəfindən hazırlanan modellərin kibertəhlükəsizlik sahəsindəki imkanları getdikcə genişlənir.
“Anthropic” sentyabr ayında yaydığı açıqlamada ən inkişaf etmiş pulsuz və açıq mənbəli modellərin performans baxımından aprel ayında təqdim edilən “Mythos” modelinə xeyli yaxınlaşdığını bildirib.
Bu vəziyyət inkişaf etmiş kiberhücum imkanlarının yalnız məhdud sayda şirkətin nəzarətində qala bilməyəcəyi ilə bağlı narahatlıqları gücləndirib.
“CrowdStrike”ın Cənubi Koreya banklarına qarşı hücumlarla bağlı araşdırmasında şübhəli şəxsin “Anthropic”in “Claude” modelinə çıxış əldə etdiyi, lakin şirkətin təhlükəsizlik filtrləri səbəbindən bəzi qanunsuz müraciətlərinin bloklandığı bildirilib.
Bundan sonra hücumçunun “DeepSeek” kimi Çin mənşəli pulsuz modellərdən də istifadə etdiyi ehtimal olunur.
“CrowdStrike” rəhbəri Meyers müxtəlif süni intellekt modellərinin bir-birini əvəz edə bildiyini vurğulayaraq, yalnız bir şirkətin öz sistemlərinə tətbiq etdiyi məhdudiyyətlərin hücumçuların qarşısını tamamilə ala bilməyəcəyini qeyd edib.
Kriptovalyuta birjaları və şirkətlər də risk altındadır
Kiberhücumların getdikcə mürəkkəbləşməsi kriptovalyuta bazarında da narahatlıq yaradır.
Ötən günlərdə “Binance” platformasından milyardlarla dollar dəyərində rəqəmsal aktivin oğurlandığı bildirilib. Lakin kriptovalyuta əməliyyatlarını izləyən “TRM Labs” şirkətinin baş tədqiqatçısı Nik Karlson hücumun süni intellektdən istifadə edilməklə həyata keçirildiyinə dair konkret sübutun olmadığını açıqlayıb.
Buna baxmayaraq, Karlson rəqəmsal oğurluğun arxasında dayandığı ehtimal edilən Şimali Koreya qrupunun son dövrlərdə daha inkişaf etmiş hücum üsullarından istifadə etməsinə diqqət çəkib.
O, süni intellektin bu inkişafı izah edə biləcək mühüm amillərdən biri olduğunu bildirib və hücumların texniki imkanlarında kəskin artım yaşandığını vurğulayıb.
Süni intellekt şirkətləri də bu təhdidlərdən kənarda qalmır.
“The Washington Post” qəzetinin məlumatına görə, “Anthropic”in təhlükəsizlik sistemlərini yoxlamaq məqsədilə yaradılan “Cathedral” startapının kibertəhlükəsizlik tədqiqatçıları şirkətin daxili yazışmalarına və iclas protokollarına çıxış əldə edə bildiklərini aşkar ediblər.
Tədqiqatçılar əldə etdikləri nəticələri “Anthropic”ə bildiriblər. Şirkət isə aşkarlanan təhlükəsizlik problemlərinin aradan qaldırıldığını açıqlayıb.

Enerji və su infrastrukturu üçün həyəcan təbili
Kibertəhlükəsizlik mütəxəssisləri süni intellekt dəstəkli hücumların ən ağır nəticələrinin enerji, su və digər kritik infrastrukturlarda ortaya çıxa biləcəyi barədə xəbərdarlıq edirlər.
“Horizon3” şirkətinin baş icraçı direktoru Sneyhal Antani xüsusilə enerji və su təchizatı şirkətlərinin sistemlərində hücumçuların istifadə edə biləcəyi boşluqların aşkarlanması üçün təcili və hərtərəfli təhlükəsizlik testlərinin keçirilməsinin vacibliyini bildirib.
Antani bu işlərin maliyyələşdirilməsi və mümkün hücumlara daha sürətli müdaxilə edilməsi üçün dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsini istəyib.
ABŞ-da Federal Təhqiqatlar Bürosu (FBI) və Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) də avqust ayında yaydıqları açıqlamada bədniyyətli kiberhücumçuların su təmizləyici qurğulardakı internetə qoşulmuş avadanlıqlara uzaqdan müdaxilə etdiklərini bildiriblər.
Məlumata görə, bu müdaxilələr nəticəsində suyun təzyiqində azalma və daşqınlar baş verib.
“Anthropic”in informasiya təhlükəsizliyi üzrə vitse-prezidenti Ceyson Klinton da PHP proqramlaşdırma dilindəki təhlükəsizlik boşluğunun aşkarlanmasından sonra sektorun daha çətin dövrə qədəm qoyacağı barədə xəbərdarlıq edib.
Klinton mövcud problemlərin aradan qaldırılmasından əvvəl vəziyyətin daha da pisləşə biləcəyini bildirib. Onun sözlərinə görə, uzunmüddətli perspektivdə süni intellekt təhlükəsiz proqram təminatının hazırlanmasına kömək edə bilər, lakin qısamüddətli dövrdə sektor ciddi mübarizə aparmalı olacaq.
“Antithesis” şirkətinin baş icraçı direktoru Uill Vilson isə inkişaf etmiş süni intellekt imkanlarının yalnız müəyyən şirkətlərin nəzarətində saxlanıla biləcəyi fikrinin real olmadığını bildirib.
Vilson proqram təminatı sektorunun uzun illər təhlükəsizlik məsələlərinə kifayət qədər diqqət yetirmədiyini vurğulayaraq deyib:
“Sektorun bütövlükdə təhlükəsizliyə qarşı inanılmaz dərəcədə laqeyd münasibəti olub. Bunun bədəli çox ağır ödəniləcək”.
Qeyd: Material “The Washington Post” qəzetində dərc olunan “Artıq hər kəs superhaker ola bilər: Dünya kibertəhlükəsizlik böhranı ilə üz-üzədir” başlıqlı məqalə əsasında hazırlanıb.
Aydın