Xəbər lenti

Atlantikdə nəhəng yosun qurşağı sürətlə genişlənir - Alimləri narahat edən təhlükə
Dünya22:20 21.11.2026

Atlantikdə nəhəng yosun qurşağı sürətlə genişlənir - Alimləri narahat edən təhlükə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Atlantik okeanında Qərbi Afrika sahillərindən Meksika körfəzinədək uzanan nəhəng qonur yosun qurşağı getdikcə böyüyür. Alimlər bu prosesin dəniz ekosisteminə, sahilyanı ərazilərə və yerli iqtisadiyyata ciddi zərər vura biləcəyini bildirirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə “Futura Sciences” məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin mayında peyklər Atlantik okeanında 37,5 milyon ton pelagik sargass yosunu qeydə alıb. Bu yosunlar vahid zolaq şəklində minlərlə kilometr məsafəyə yayılıb. 2025-ci ildə Böyük Atlantik Sargass Qurşağının (GASB) uzunluğu rekord həddə – 8 850 kilometrə çatıb.

Qeyd edək ki, bu miqyasda yosun qurşağı 2011-ci ildən əvvəl mövcud olmayıb. Həmin vaxtdan etibarən hadisənin miqyası demək olar ki, hər il genişlənir.

Yosunların artmasının səbəbi nədir?

Alimlər bu sürətli çoxalmanı əsasən okean sularında azot və fosforun miqdarının artması ilə əlaqələndirirlər. Araşdırmalar göstərir ki, qida maddələri ilə zəngin sularda sargass yosunlarının kütləsi cəmi 11 gün ərzində iki dəfə arta bilər.

1980–2020-ci illər ərzində yosunların toxumalarında azotun miqdarı 55 faiz, azotun fosfora nisbəti isə 50 faiz yüksəlib. Bu dəyişikliklərin səbəbləri arasında kənd təsərrüfatı tullantıları, çirkab sular və atmosfer yağıntıları ilə okeana daşınan qida maddələri göstərilir.

Xüsusilə Amazon çayının Atlantik okeanına daşıdığı maddələrin yosunların çoxalmasına təsir etdiyi bildirilir. Çayda suyun səviyyəsinin yüksəlməsi bu prosesi sürətləndirir, quraqlıq dövrlərində isə yosunların artımı zəifləyir. Okean cərəyanları da böyük yosun kütlələrinin müxtəlif istiqamətlərə daşınmasında mühüm rol oynayır.

Ekosistem üçün təhlükəyə çevrilir

Sargass yosunları normal şəraitdə okean canlıları üçün əhəmiyyətli yaşayış mühitidir. ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, bu yosunlar balıqlar, onurğasızlar və dəniz tısbağaları da daxil olmaqla, yüzdən çox növ üçün sığınacaq və qida mənbəyi rolunu oynayır.

Lakin onların həddindən artıq çoxalması ciddi ekoloji problemlər yaradır. Sahilə çıxan yosunlar çürüyərkən zəhərli hidrogen-sulfid qazı buraxır, çimərlikləri örtür, mərcan riflərinə zərər verir və dənizdə oksigenin azalması nəticəsində “ölü zonalar” yarada bilir.

Bundan başqa, çürüyən yosunlardan metan və digər istixana qazlarının ayrılması onların iqlim dəyişikliyinə mümkün təsiri ilə bağlı narahatlıqları artırır. Yosunların sahillərdə toplanması turizmə və yerli iqtisadiyyata da ciddi ziyan vurur.

Tədqiqatçılar problemin qarşısını almaq üçün beynəlxalq monitorinq sisteminin yaradılmasını, yosunların yayılmasının əvvəlcədən proqnozlaşdırılmasını və çirkab sularla okeana daxil olan qida maddələrinin azaldılmasını vacib hesab edirlər.

Aydın