Xəbər lenti

Pensiya vədi ilə aldadılan qadının adına şirkətlər yaradıldı - Vergi borcu 160 mini ötdü
Ekonomiks13:54 23.11.2026

Pensiya vədi ilə aldadılan qadının adına şirkətlər yaradıldı - Vergi borcu 160 mini ötdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda həyat yoldaşının adına xəbərsiz üç şirkət açaraq 160 min manatdan artıq vergi borcu yaradan şəxslərlə bağlı cinayət araşdırması aparılmaması qanunsuz hesab edilib.

Qaynarinfo-nun məlumatına görə, 2007-ci ildən xroniki xəstəlikdən əziyyət çəkən həyat yoldaşının pensiyasını düzəltmək vədi ilə aldadıldığını bildirən məhkum bununla bağlı Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən şikayət edib.

Onun iddiasına görə, Biləcəri qəsəbəsində yaşayan İbrahim və Elxan adlı şəxslər həyat yoldaşı İmranova Aybəniz Tehran qızından etibarnamə alaraq onun adına üç şirkət yaradıblar. Həmin şirkətlər üzrə qadının adına 106 605,18 manat, 48 530,16 manat və 5 428,33 manat olmaqla, ümumilikdə 160 563,67 manat vergi borcu yaranıb.

Dövlət Vergi Xidmətinin məlumatlarına əsasən, həmin şirkətlərdən biri “İMRAY 24” MMC-dir. VÖEN-i 1008741391 olan şirkət Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1-ci (Binəqədi) küçəsi, ev 50 ünvanında qeydiyyatdan keçib. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi İmranova Aybəniz Tehran qızıdır.

Vergi məlumatlarına görə, “İMRAY 24” MMC hazırda aktivdir, ƏDV qeydiyyatındadır və riskli vergi ödəyicisi hesab edilmir. Bununla belə, şirkətin 50 520,26 manat vergi borcu var. Məhkəmə qərarında digər iki şirkətin adı anonim saxlanılıb.

Məhkum məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edərək həmin şəxslərin dələduzluq, yalançı sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər cinayətlər törətdiklərini bildirib. O, cinayət işinin başlanmasını və qəbul ediləcək qərarla tanış edilməsini istəyib.

Baş Prokurorluq müraciəti araşdırılması üçün Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərib. Lakin idarə cinayət-prosessual qaydada araşdırma aparmaq əvəzinə, məlumat xarakterli məktubla kifayətlənib.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsi şikayəti təmin edərək Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin hərəkətsizliyini qanunsuz hesab edib. Qərardan Dövlət Vergi Xidməti apellyasiya şikayəti verərək onun ləğvini istəyib.

Qurumun nümayəndəsi bildirib ki, şikayətdə göstərilən hallar mahiyyət etibarilə dələduzluq əməli ilə bağlıdır və bu cinayətin araşdırılması birbaşa Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid deyil.

Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını əsaslı hesab edib.

Məhkəmə kollegiyası qeyd edib ki, etibarnamənin aldatma yolu ilə alınıb-alınmadığı, şirkətlərin faktiki olaraq kim tərəfindən idarə edildiyi, vergi borclarının hansı əməliyyatlar nəticəsində yarandığı və bundan kimin faydalandığı yoxlanılmalı idi.

Lakin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi cinayət işinin başlanması, başlanmasının rədd edilməsi və ya məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi barədə heç bir prosessual qərar qəbul etməyib.

Nəticədə Bakı Apellyasiya Məhkəməsi Dövlət Vergi Xidmətinin apellyasiya şikayətini təmin etməyib, Yasamal Rayon Məhkəməsinin qərarını dəyişdirilmədən saxlayıb.

Aydın