Xəbər lenti

Paşinyan Bakının əsas tələbini qəbul etdi, bəs sülhə gedən yol açıldımı? (ŞƏRH)
Siyasət11:26 23.11.2026

Paşinyan Bakının əsas tələbini qəbul etdi, bəs sülhə gedən yol açıldımı? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanın yeni konstitusiya layihəsi nəhayət ictimaiyyətə təqdim olunub. Sənəddə diqqət çəkən ən mühüm məqam isə 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasıdır. İlk baxışdan bu, hüquqi sənəddə edilən redaktə təsiri bağışlaya bilər. Əslində isə söhbət Cənubi Qafqazın gələcək siyasi xəritəsinə, Bakı ilə İrəvan arasındakı münasibətlərə və Ermənistanın dövlətçilik fəlsəfəsinə təsir göstərə biləcək qərardan gedir.

Nikol Paşinyan hökuməti bununla Azərbaycanın uzun müddətdir irəli sürdüyü əsas tələblərdən birinə cavab verən siyasi iradə nümayiş etdirir. Amma burada bir sual yaranır- Ermənistan həqiqətən sülhə hazırlaşır, yoxsa Paşinyan hakimiyyəti qarşıdakı siyasi mübarizədə özünə yeni manevr imkanları yaradır?

Ermənistanın hazırkı Konstitusiyasının preambulasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad var. Həmin bəyannamədə isə 1989-cu ildə Ermənistan SSR Ali Soveti ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında qəbul edilmiş qərara istinad edilir.

Bakı məhz bu hüquqi-siyasi əlaqəni problem hesab edir. Azərbaycanın mövqeyinə görə, Ermənistan Konstitusiyasının preambulasında həmin sənədə istinadın saxlanılması gələcəkdə ərazi iddiaları üçün hüquqi-siyasi zəmin kimi istifadə oluna bilər.

İrəvan uzun müddət bu yanaşmanı qəbul etmirdi. Ermənistan rəsmiləri Konstitusiyanın Azərbaycana qarşı birbaşa ərazi iddiası ehtiva etmədiyini bildirirdilər. Ancaq məsələ artıq təkcə hüquqi mübahisə çərçivəsindən çıxıb. Sülh müqaviləsinin imzalanması prosesində əsas siyasi şərtlərdən birinə çevrilib.

Yeni layihədə Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması təsadüfi addım deyil. Paşinyan bununla Ermənistan dövlətçiliyinin gələcəyini 1990-cı ilin siyasi mirasından fərqli bir konsepsiya üzərində qurmaq istədiyini göstərir.

Ermənistan baş nazirinin irəli sürdüyü əsas ideya “Real Ermənistan” konsepsiyasıdır. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, dövlətin siyasi düşüncəsi tarixi iddialar, keçmiş münaqişələr və reallaşması mümkün olmayan geosiyasi ambisiyalar üzərində deyil, beynəlxalq səviyyədə tanınmış sərhədlər, təhlükəsizlik və iqtisadi inkişaf üzərində qurulmalıdır.

Paşinyanın fikrincə, Qarabağ hərəkatının siyasi məntiqini davam etdirmək Ermənistanı yenidən münaqişə riskləri ilə üz-üzə qoya bilər. Yeni konstitusiya isə bu mərhələdən çıxışın hüquqi əsaslarından biri olmalıdır.

Burada bir məqamı unutmayaq: Ermənistan 2020-ci il müharibəsindən, 2023-cü ildə Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonra tamamilə fərqli geosiyasi reallıqla üzləşib. Qarabağ məsələsi artıq əvvəlki siyasi müstəvidə mövcud deyil. İrəvan qarşısında duran əsas seçim bu reallıqla barışaraq dövlətin gələcəyini qurmaq, yaxud köhnə siyasi ritorikanın girovuna çevrilməkdir. Paşinyan birinci yolu seçdiyini nümayiş etdirir.

Yeni konstitusiya layihəsi 89 maddədən ibarətdir. Sənəddə sülh xarici siyasətin prioriteti kimi müəyyənləşdirilir, bütün dövlətlərlə mehriban qonşuluq və qarşılıqlı faydalı münasibətlər əsas istiqamətlərdən biri kimi təqdim olunur. Lakin layihənin dərc edilməsi onun qəbul olunması demək deyil.

Ermənistan parlamentində Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının 105 yerdən 64-nə sahib olması referendumun təyin edilməsi üçün tələb olunan konstitusion çoxluğu təmin etmir. Bunun üçün ən azı 70 səs lazımdır. Deməli, hakimiyyətə əlavə altı deputatın dəstəyi tələb olunur.

Müxalifət isə artıq layihəyə qarşı mövqeyini ortaya qoyub. Onların bir qismi Müstəqillik Bəyannaməsinə istinaddan imtinanı Ermənistanın dövlətçilik əsaslarına müdaxilə kimi qiymətləndirir və Paşinyanı Azərbaycanın tələblərinə uyğun hərəkət etməkdə ittiham edir.

Baş nazirin siyasi gedişi də diqqətəlayiqdir. O, konstitusiya layihəsi referendumda qəbul edilməsə, istefa verəcəyini, qəbul olunarsa, növbəti parlament seçkilərində baş nazirliyə namizəd olmayacağını bəyan edib. Bununla Paşinyan məsuliyyəti birbaşa seçicilərin üzərinə qoyur.

Azərbaycan baxımından yeni layihənin ən mühüm tərəfi Ermənistanın hüquqi-siyasi sənədində Qarabağ məsələsi ilə bağlı mübahisəli istinadın aradan qaldırılmasıdır. Lakin bu, özlüyündə sülh müqaviləsinin imzalanması üçün bütün problemlərin həll edilməsi demək deyil.

2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh sazişinin mətni paraflanmışdı. İndi isə onun imzalanması və ratifikasiyası üçün konstitusion məsələnin həlli xüsusi əhəmiyyət daşıyır.

Əgər yeni Konstitusiya referendumdan keçərsə, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması qarşısındakı əsas siyasi-hüquqi maneələrdən biri aradan qalxa bilər. Amma sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyaları, qarşılıqlı etimad və digər məsələlər də öz həllini gözləyir.

Üstəlik, bir vacib fərq mövcuddur - Müstəqillik Bəyannaməsinə Konstitusiyada istinadın çıxarılması həmin bəyannamənin ayrıca tarixi sənəd kimi ləğvi demək deyil. Söhbət onun yeni Konstitusiyanın hüquqi əsaslarına daxil edilməməsindən gedir.

Paşinyan üçün yeni Konstitusiya təkcə Azərbaycanla münasibətlərin normallaşdırılması vasitəsi deyil. Bu, həm də Ermənistanın gələcək dövlətçilik modelini müəyyənləşdirmək, ölkənin siyasi gündəmini Qarabağ mövzusundan sosial-iqtisadi inkişaf və təhlükəsizlik məsələlərinə yönəltmək cəhdidir.

Ancaq Ermənistan cəmiyyəti bu dönüşü nə dərəcədə qəbul edəcək? Müxalifət tarixi yaddaş və milli kimlik arqumentləri ilə Paşinyanın planını dayandıra biləcəkmi? Ən əsası, referendumun nəticəsi ölkədə yeni siyasi qarşıdurma yaratmayacaq ki? Bu sualların cavabı hələ məlum deyil.

Bir məsələ isə aydındır ki, Ermənistanın yeni Konstitusiya layihəsi artıq sadəcə hüquqşünasların müzakirə etdiyi sənəd deyil. Bu, Cənubi Qafqazda müharibədən sülhə keçidin siyasi sınağıdır.

Paşinyan Ermənistanı keçmişin siyasi mirasından ayırmağa çalışır. Bakı isə bu ayrılmanın yalnız kağız üzərində deyil, hüquqi və siyasi baxımdan da real olmasını gözləyir...

Siyasət şöbəsi