
Həmişə işə vaxtında gələn, həmkarlarına kömək edən, son anda yaranan problemləri həll etməyə çalışan və üzərinə düşəndən daha çox məsuliyyət götürən əməkdaşlar bəzən gözlənilmədən işdən ayrılmaq qərarı verirlər. Psixoloqların fikrincə, bunun əsas səbəblərindən biri davamlı olaraq başqalarının yükünü daşımaq və qarşılığında lazımi qiyməti görməməkdir.
Qaynarinfo xəbər verir ki, bu barədə “Psychologies” nəşri yazıb.
Məqalədə bildirilir ki, kollektivdə ən etibarlı əməkdaş hesab olunan insanlar çox vaxt şirkətin görünməyən dayağına çevrilirlər. Hər hansı işçi işə çıxa bilmədikdə və ya tapşırıq vaxtında yerinə yetirilmədikdə rəhbərlik eyni şəxsin köməyinə müraciət edir. Zaman keçdikcə könüllü şəkildə göstərilən yardım həmin əməkdaşın üzərinə düşən adi öhdəlik kimi qəbul olunmağa başlayır.
Nəticədə əlavə iş yükü artır, lakin bu fəaliyyət nə rəsmi vəzifə öhdəliklərində əks olunur, nə də həmişə lazımi şəkildə qiymətləndirilir. İşçi isə narazılığını bildirməkdə və ya əlavə tapşırıqlardan imtina etməkdə çətinlik çəkir. Yorğunluq və psixoloji gərginlik tədricən toplanır və bir müddət sonra işdən ayrılmaq yeganə çıxış yolu kimi görünür.
İşçilər arasında stress artır
“Gallup” təşkilatının 2026-cı il üzrə qlobal əmək mühiti hesabatına əsasən, 2025-ci ildə işçilərin yalnız 20 faizi özünü işinə həqiqətən bağlı və cəlb olunmuş hesab edib. Bu, 2020-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir.
Sorğuda iştirak edənlərin 40 faizi isə sorğudan əvvəlki gün ciddi stress keçirdiyini bildirib. “Gallup” işçilərin işə bağlılığının aşağı olmasının qlobal məhsuldarlığa vurduğu zərəri təxminən 10 trilyon dollar qiymətləndirir.
Mütəxəssislər hesab edirlər ki, belə şəraitdə ən məsuliyyətli əməkdaşlar əlavə işlərin əsas daşıyıcısına çevrilirlər. Onların etibarlılığı üstünlük kimi deyil, şirkətin daim istifadə edə biləcəyi resurs kimi qəbul olunur.
Araşdırma da bu riski təsdiqləyir
2005-ci ildə Mark Bolino və Uilyam Terlini tərəfindən aparılan, “Journal of Applied Psychology” jurnalında dərc olunan araşdırmada da oxşar nəticələrə diqqət çəkilib.
98 cütlüyün iştirakı ilə keçirilən tədqiqat göstərib ki, iş yerində daha çox təşəbbüs göstərən əməkdaşlar daha yüksək iş yükü, stress və işlə ailə həyatı arasında münaqişə ilə üzləşirlər. Bu əlaqənin qadınlarda daha güclü olduğu müəyyən edilib.
Araşdırma birbaşa işdən çıxma hallarını ölçməsə də, həddindən artıq məsuliyyət götürməyin hansı problemlərə yol aça biləcəyini göstərir.
“Psychologies” yazır ki, hər dəfə əlavə tapşırığa razılıq vermək gələcəkdə yeni gözləntilər yaradır. Beləliklə, əvvəlcə könüllü yardım kimi başlayan davranış zamanla məcburi öhdəliyə çevrilir.
Mütəxəssislər rəhbərlərə iş bölgüsünü daha ədalətli aparmağı, vəzifə təsvirinə daxil olmayan əlavə əməyin də qiymətləndirilməsini və əməkdaşlara əlavə tapşırıqlardan imtina etmək hüququ verməyi tövsiyə edirlər.
Onların fikrincə, işçinin hər zaman “hə” deməsi onun şirkətə bağlılığının göstəricisi deyil. Bəzən ən etibarlı əməkdaşın qəfil işdən ayrılması uzun müddət diqqətdən kənarda qalan problemlərin nəticəsi olur.
Aydın