Xəbər lenti

Dünya internetinin görünməyən sahibləri: Okeanların dibindəki kabellər kimindir?
Texnologiya13:25 22.11.2026

Dünya internetinin görünməyən sahibləri: Okeanların dibindəki kabellər kimindir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünya internet trafikinin böyük hissəsinin ötürülməsində peyklərdən daha çox okeanların dibinə çəkilmiş sualtı kabellər mühüm rol oynayır. Qitələri bir-birinə bağlayan bu nəhəng şəbəkə beynəlxalq rabitənin və rəqəmsal xidmətlərin əsas infrastrukturudur. Maraqlıdır ki, bu kabellərin əksəriyyəti dövlətlərə deyil, özəl şirkətlərə məxsusdur.

Qaynarinfo xəbər verir ki, bu barədə “CHIP” nəşri məlumat yayıb.

2026-cı ilin əvvəlinə olan hesablamalara görə, dünyada fəaliyyət göstərən sualtı internet kabellərinin ümumi uzunluğu 1,5 milyon kilometri ötüb. Bu infrastrukturun mülkiyyətində telekommunikasiya operatorları ilə yanaşı, Amazon, Google və Meta kimi texnologiya şirkətləri də mühüm yer tutur.

Əvvəllər sualtı kabellərin maliyyələşdirilməsi və istismarı əsasən telekommunikasiya şirkətlərinin nəzarətində olub. Onlar qitələrarası telefon danışıqlarını və məlumat mübadiləsini təmin etmək üçün okeanların altından kabel xətləri çəkirdilər.

İnternetin sürətlə yayılması isə bu sahədə vəziyyəti dəyişib. İndi böyük texnologiya şirkətləri də öz rəqəmsal xidmətlərinin və bulud platformalarının artan məlumat tələbatını qarşılamaq üçün sualtı kabel layihələrinə sərmayə yatırırlar.

Dünyada 709 sualtı kabel sistemi var

"TeleGeography" şirkətinin 2026-cı il məlumatlarına əsasən, dünyada ümumilikdə 709 sualtı kabel sistemi mövcuddur. Onlardan 607-si hazırda istismardadır, 102 layihənin isə qarşıdakı illərdə istifadəyə verilməsi nəzərdə tutulur.

Bu kabellərin uzunluğu və quruluşu da fərqlidir. Bəzi xətlər yalnız iki məntəqəni birləşdirir, digərləri isə bir neçə istiqamətə şaxələnərək müxtəlif ölkələrə internet bağlantısı təmin edir.

Ən qısa sualtı kabel xətlərinin uzunluğu təxminən 129 kilometr olduğu halda, dünyanın ən uzun kabel sistemi 45 min kilometrə yaxın məsafəni əhatə edir. Afrika qitəsinin böyük hissəsini dövrə vuran bu xətt Asiya və Avropa ölkələri ilə də əlaqə yaradır.

Qlobal internetin görünməyən dayağı

Sualtı kabellər dünya üzrə böyük həcmdə məlumatın ötürülməsini təmin edir. Xüsusilə Qırmızı dənizin altından keçən xətlər beynəlxalq kommunikasiya şəbəkəsinin strateji əhəmiyyətli hissələrindən hesab olunur.

Gündəlik internet istifadəsi, beynəlxalq məlumat mübadiləsi, bulud xidmətləri və digər rəqəmsal platformalar bu infrastrukturdan asılıdır.

Peyklər qlobal rabitədə mühüm rol oynasa da, qitələr arasında internet trafikinin ötürülməsində əsas yükü okeanların dibində yerləşən fiber-optik kabellər daşıyır. Bu səbəbdən onların mülkiyyətinə və təhlükəsizliyinə nəzarət həm iqtisadi, həm də strateji baxımdan getdikcə daha böyük əhəmiyyət qazanır.

Aydın