Xəbər lenti

Stress keçirən insanlar yalançıları daha yaxşı tanıyır, amma yad adamlara etibar etmir (ARAŞDIRMA)
Sağlamlıq12:12 22.11.2026

Stress keçirən insanlar yalançıları daha yaxşı tanıyır, amma yad adamlara etibar etmir (ARAŞDIRMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həyatı boyunca çoxsaylı stress və çətinliklər yaşayan insanlar yeni tanışlıqlara daha şübhə ilə yanaşır. Bununla belə, onlar etibarsız və qeyri-səmimi şəxsləri müəyyənləşdirməkdə daha diqqətli olurlar.

Qaynarinfo xəbər verir ki, bu qənaətə Vyana Universitetinin psixoloqları və onların həmkarları gəliblər. Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunub.

Araşdırmada yaşı 18-68 arasında dəyişən 168 Vyana sakini iştirak edib. Əvvəlcə könüllülərlə müsahibə aparılaraq onların həyatları boyunca üzləşdikləri çətinliklər qiymətləndirilib. Buraya xəstəliklər, itkilər, maliyyə problemləri və ailə böhranları daxil edilib. Bu məlumatlar əsasında hər bir iştirakçının həyat boyu topladığı stress səviyyəsi müəyyənləşdirilib.

Daha sonra iştirakçılar etimad oyununa cəlb olunublar. Oyunun qaydalarına əsasən, hər kəsə müəyyən məbləğdə pul verilib və həmin vəsaitin nə qədərini tərəfdaşına ötürəcəyinə özü qərar verib. Qarşı tərəf isə aldığı pulun bir hissəsini geri qaytarıb. Bəzi tərəfdaşlar səxavətli, digərləri isə xəsis davranıblar.

Oyunun 17 raundundan sonra tərəfdaşların davranışları gözlənilmədən dəyişdirilib: səxavətli iştirakçılar xəsis, xəsislər isə səxavətli davranmağa başlayıblar. Alimlər bu yolla insanların başqalarına münasibətdə etimadlarını necə formalaşdırdıqlarını və dəyişdirdiklərini araşdırıblar.

Nəticələr göstərib ki, həyatında daha çox stress yaşamış şəxslər oyuna daha aşağı etimadla başlayıb və tərəfdaşlarının niyyətləri barədə daha mənfi gözləntilərə malik olublar. Onlar başqalarının dürüstlüyü ilə bağlı qənaətlərini də daha tez dəyişiblər. Xüsusilə etibarlı tərəfdaşın qəfil xəsis davranması bu şəxslərin münasibətinə ciddi təsir göstərib.

Bununla yanaşı, yüksək stress yaşamış iştirakçılar qeyri-səmimi insanları müəyyənləşdirməkdə daha uğurlu olublar. Onlar xəsis tərəfdaşlara digərləri ilə müqayisədə daha az pul veriblər. Səxavətli tərəfdaşlara münasibətdə isə digər iştirakçılardan fərqlənməyiblər.

Tədqiqatda maraqlı məqamlardan biri də mənfi gözləntilərin uşaqlıq dövründəki çətinliklərdən daha çox yetkinlik yaşında yaşanan stresslə əlaqəli olmasıdır. Bununla belə, aldadılmaya reaksiya bütün iştirakçılarda oxşar olub: xəyanətlə qarşılaşdıqdan sonra tərəfdaşın etibarsız olduğu barədə qənaət daha da möhkəmlənib.

Alimlər hesab edirlər ki, yaşanan çətinliklər insanın başqalarına etibar etməyə hansı nöqtədən başladığını dəyişir, lakin onun başqalarının davranışlarından nəticə çıxarmaq qabiliyyətini zəiflətmir.

Tədqiqat müəllifləri qeyd edirlər ki, sosial əlaqələr sağlamlıq və uzunömürlülüyün əsas göstəricilərindən biridir. Həddindən artıq etimadsızlıq isə insanı stressdən qoruyan münasibətlərə zərər verə bilər. Bununla belə, aldatma hallarının geniş yayıldığı mühitdə ehtiyatlı davranmaq müəyyən mənada qoruyucu mexanizm rolunu oynaya bilər.

Aydın