Xəbər lenti

1963-cü ildə İslandiya yaxınlığında yeni ada yaranmışdı - Ora heç kimi buraxmırlar
Dünya23:36 21.11.2026

1963-cü ildə İslandiya yaxınlığında yeni ada yaranmışdı - Ora heç kimi buraxmırlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İslandiya sahillərindən təxminən 32 kilometr aralıda yerləşən Surtsey adası alimlərin xüsusi mühafizəsi altındadır. 1963-cü ildə sualtı vulkan püskürməsi nəticəsində yaranan bu əraziyə adi turistlərin daxil olmasına icazə verilmir. Adanı ziyarət etmək yalnız xüsusi icazə ilə mümkündür.

Qaynarinfo xəbər verir ki, bu barədə “Earth.com” nəşri məlumat yayıb.

Sualtı vulkan püskürməsi 1963-cü ilin noyabrında başlayıb və təxminən dörd il davam edib. Nəticədə okeanın ortasında yeni vulkanik ada meydana gəlib. İlk vaxtlar onun sahəsi 2,6 kvadratkilometr, ən yüksək nöqtəsi isə 170 metr olub. Lakin dalğalar, külək və yağıntıların təsiri ilə ada tədricən aşınaraq kiçilib. 2006-cı ildə ərazisinin 1,4 kvadratkilometrə qədər azaldığı qeydə alınıb.

Alimlər 1964-cü ildən etibarən adada baş verən dəyişiklikləri müntəzəm izləyirlər. Onların əsas məqsədi insan müdaxiləsi olmadan yeni yaranmış ərazidə həyatın necə formalaşdığını öyrənməkdir.

Adada ilk bitki 1965-ci ildə aşkar edilib. Sonrakı illərdə okean axınları və quşlar vasitəsilə müxtəlif bitki növləri yayılmağa başlayıb. 2004-cü ilədək tədqiqatçılar burada 60 bitki növü, eləcə də çoxsaylı mamır, şibyə və göbələk növləri qeydə alıblar. Bundan başqa, adada 89 quş və 335 onurğasız heyvan növü müəyyən edilib.

Ekosistemin inkişafında qağayıların da mühüm rolu olub. 1986-cı ildə adada böyük qağayı koloniyasının yaranmasından sonra bitki örtüyünün yayılması sürətlənib. Quşlar toxumları müxtəlif ərazilərə daşıyır, ifrazatları isə torpağı qida maddələri ilə zənginləşdirir.

Ada geoloqların da diqqət mərkəzindədir

Surtsey yalnız bioloqlar üçün deyil, geoloqlar üçün də maraqlı tədqiqat mənbəyidir. 1979 və 2017-ci illərdə götürülmüş süxur nümunələrinin təhlili göstərib ki, zaman keçdikcə onların məsamələri yeni mineral maddələrlə, o cümlədən alüminiumlu tobermoritlə dolur. Bu proses qədim Roma liman tikililərində istifadə edilmiş betonun daxilində mineral yaranmasını xatırladır.

Ada 1965-ci ildə təbiət qoruğu elan edilib. 2006-cı ildə isə mühafizə olunan ərazi 65 kvadratkilometrə qədər genişləndirilib. Surtseyə torpaq və canlı orqanizmlər gətirmək, təbii obyektlərə müdaxilə etmək və zibil atmaq qadağandır.

IUCN World Heritage Outlook məlumatlarına görə, adaya hər il cəmi bir-üç qrup səfər edir. Hər qrupda ən çoxu 10-12 nəfər olur. Ziyarətçilərin böyük əksəriyyətini elmi tədqiqat aparan mütəxəssislər təşkil edir.

2008-ci ildə Surtsey UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bununla belə, ada təbii aşınma nəticəsində kiçilməyə davam edir. Proqnozlara görə, gələcəkdə onun yalnız eroziyaya daha davamlı vulkanik nüvəsi qala bilər.

Aydın