Xəbər lenti

Cinayət yerini gizlədən şəxsi reaksiya sürəti ələ verə bilər (ARAŞDIRMA)
Dünya10:18 22.11.2026

Cinayət yerini gizlədən şəxsi reaksiya sürəti ələ verə bilər (ARAŞDIRMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İnsan cinayət törətdiyi yeri tanıdığını gizlətməyə çalışsa da, beynin reaksiyasındakı gecikmə onu ələ verə bilər. Lakin alimlər müəyyən ediblər ki, hadisə yerinin görüntüsünün fərqli bucaqdan təqdim edilməsi bu üsulun effektivliyini azalda bilər.

Qaynarinfo xəbər verir ki, Tayvan Milli Universitetinin psixoloqları gizli məlumatların müəyyənləşdirilməsi üçün istifadə olunan reaksiya müddəti testinin imkanlarını araşdırıblar. Tədqiqatın nəticələri “Cognitive Research: Principles and Implications” jurnalında dərc olunub.

Reaksiya müddətinə əsaslanan gizli məlumat testi poliqrafa alternativ üsullardan biri hesab olunur. Bu metod zamanı şübhəli şəxsə müxtəlif görüntülər göstərilir və ondan həmin görüntüləri tanıyıb-tanımadığını bildirməsi istənilir. Şəkillər arasında yalnız cinayəti törədən şəxsin görə və ya tanıya biləcəyi detallar da olur.

Alimlərin izahına görə, insan tanıdığı görüntünü bilərəkdən inkar etdikdə beyin əvvəlcə onu tanıyır, daha sonra isə bu reaksiyanı boğmağa çalışır. Nəticədə cavabın verilməsində təxminən 100 millisaniyəlik gecikmə yaranır.

Araşdırmada 40 könüllü iştirak edib. Onlardan hər biri virtual reallıq texnologiyası vasitəsilə yaradılmış 10 otağın interyerini yadda saxlayıb. Daha sonra iştirakçılara müxtəlif bucaqlardan çəkilmiş 30 otaq görüntüsü təqdim edilib və tanıdıqları məkanları inkar etmələri istənilib.

Nəticələr göstərib ki, gizlədilən görüntülərə reaksiya gecikməsi kamera bucağı 125 dərəcəyədək dəyişdirildikdə də qorunub. Lakin otaq əks tərəfdən, 160 dərəcəlik bucaq altında göstərildikdə bu effekt statistik baxımdan əhəmiyyətini itirib.

Maraqlıdır ki, ən güclü nəticələr 80-90 dərəcəlik orta bucaqlarda qeydə alınıb. İlkin baxış bucağında və əks tərəfdən təqdim edilən görüntülərdə isə testin nəticələri daha zəif olub.

Tədqiqatçılar hesab edirlər ki, bunun səbəbi insan beyninin məkanları ayrı-ayrı əşyalar kimi deyil, ümumi quruluş əsasında yadda saxlamasıdır. Divarların yerləşməsi, döşəmə, tavan və işıqlandırma kimi detallar məkanın tanınmasında mühüm rol oynayır.

Müəlliflər bildirirlər ki, araşdırma cinayət yerinin fotoşəkilləri ilə hadisəni törədən şəxsin yaddaşındakı görüntülər arasında bucaq fərqinin testin nəticələrinə necə təsir etdiyini anlamağa kömək edir.

Bununla belə, tədqiqatın müəyyən məhdudiyyətləri var. Yekun təhlilə 32 könüllünün məlumatları daxil edilib və sınaqlar real şübhəlilərlə deyil, laboratoriya şəraitində aparılıb. Buna görə də metodun cinayət işlərində etibarlılığını qiymətləndirmək üçün əlavə araşdırmalara ehtiyac var.

Aydın