Xəbər lenti

Şimali Amerika böyüklüyündə ərazi su altında qalıb - Orada qədim insan izləri axtarılır
Dünya18:29 22.11.2026

Şimali Amerika böyüklüyündə ərazi su altında qalıb - Orada qədim insan izləri axtarılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yer kürəsinin sahil xətləri minilliklər ərzində ciddi şəkildə dəyişib. Buz dövrlərində dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində üzə çıxan, sonradan isə sular altında qalan geniş ərazilərdə qədim insanların yaşayış məskənləri, düşərgələri və müxtəlif tikililəri olub. Arxeoloqlar hazırda həmin torpaqların su altında qalmış izlərini araşdırırlar.

Qaynarinfo xəbər verir ki, bu barədə "Indian Defence Review" nəşri yazıb.

Coğrafiyaşünas Cerom Dobson 1999-cu ildə vaxtilə quru olan, sonradan dəniz altında qalan bu əraziləri “Akvaterrа” adlandırıb. Onun hesablamalarına görə, həmin torpaqların ümumi sahəsi 22,5 milyon kvadratkilometrə çatıb. Bu, təxminən Şimali Amerikanın ərazisinə bərabərdir. Söhbət vahid bir itmiş materikdən deyil, müxtəlif dövrlərdə suyun üzərində olmuş sahilboyu torpaqlardan gedir.

Buz dövrlərində suyun böyük hissəsi buzlaqlarda toplandığından dünya okeanının səviyyəsi xeyli aşağı düşüb. Nəticədə meşələr, çəmənliklər və bataqlıqlarla örtülmüş geniş düzənliklər meydana gəlib. İnsanlar həmin ərazilərdə yaşayıb, məskənlər salıblar. İqlim istiləşdikcə buzlaqlar əriməyə başlayıb və dəniz səviyyəsinin yüksəlməsi ilə bu torpaqlar su altında qalıb.

Dobson hesab edir ki, bəşəriyyətin bir sıra mühüm yenilikləri məhz dəniz səviyyəsinin aşağı olduğu dövrlərdə meydana çıxıb. O, qədim mədəniyyətlərin inkişafı ilə sahilboyu ərazilərdə baş verən dəyişikliklər arasında əlaqə olduğunu vurğulayır.

Coğrafiyaşünas nümunə kimi dünyanın ən qədim şəhərlərindən sayılan İerixonu göstərir. Onun fikrincə, dənizin 50 metr dərinliyində qədim şəhərlərin aşkar edilməsi tarixə tamamilə yeni baxış gətirməyə bilər. Çünki dəniz səviyyəsinin həmin həddə olduğu dövrdə İerixo artıq mövcud idi. Lakin daha böyük dərinliklərdə indiyədək məlum olmayan qədim texnologiyaların izlərinə rast gəlinməsi mümkündür.

Su altında hansı izlər tapılıb?

Belə ərazilərdə insan fəaliyyətinə dair bəzi sübutlar artıq aşkarlanıb. 2021-ci ildə arxeoloqlar Maykl Fot və Morqan Smit Şimali Amerikada aparılmış yeddi sualtı tədqiqat layihəsinin nəticələrini təqdim ediblər. Araşdırmalar zamanı əvvəlcə qədim quru landşaftları və məlum arxeoloji abidələr öyrənilib, daha sonra sualtı ərazilərin xəritələri hazırlanaraq dəniz dibindən nümunələr götürülüb.

Meksika körfəzində, Sabin çayının qədim məcrasında aparılan araşdırmalar zamanı kömürləşmiş ağac qalıqları, bitki izləri, qoz qabıqları, toxumlar, balıq pulcuqları, eləcə də müxtəlif heyvanların sümükləri tapılıb. Bəzi nümunələrin təxminən 9 min il yaşı olduğu müəyyən edilib.

Mərkəzi Amerikadakı Beliz sahillərində isə mayyalıların vaxtilə duz hasil etmək üçün istifadə etdikləri dirəklərdən və samandan qurulmuş tikililərin qalıqları aşkarlanıb. Burada tapılan daş artefaktın yaşı isə 12 min ildən çoxdur.

Dəniz səviyyəsinin yüksəlməsi yalnız daş dövrünə aid abidələri deyil, daha yaxın tarixə məxsus məskənləri də təhlükə altına salır. ABŞ-ın Şimali Karolina ştatındakı Roanok adasında XVI əsrdə ingilislər tərəfindən yaradılmış, sonradan sakinləri müəmmalı şəkildə yoxa çıxan koloniyanın izləri araşdırılır. Sahil eroziyası nəticəsində Fort-Rali Milli Tarix Parkında arxeoloqların 2007-ci ildə qazıntı apardığı bəzi sahələr artıq itib.

Mütəxəssislər sahil xəttinin geri çəkilmə sürətinin artdığını bildirirlər. First Colony Foundation fondunun tədqiqatlar üzrə vitse-prezidenti Erik Klinkelhofnerin sözlərinə görə, təxminən hər 20 ildə 20 fut (6 metrə yaxın) sahil ərazisi itirilir və bu proses sürətlənə bilər.

Araşdırmalar göstərir ki, bu gün gördüyümüz sahil xətləri qədim insanların harada yaşadığını müəyyənləşdirmək üçün kifayət etmir. İnsanlıq tarixinin mühüm bir hissəsi hələ də dənizlərin dibində, arxeoloqların araşdırmasını gözləyir.

Aydın