
Ceyms Bond haqqında çəkilmiş filmlər arasında tənqidçilərin ən yüksək və ən aşağı qiymət verdiyi ekran əsərləri müəyyənləşib. Reytinqdə həm klassik filmlər, həm də son illərin məşhur layihələri yer alıb.
Qaynarinfo xəbər verir ki, Britaniyanın “The Guardian” nəşri “Ceyms Bond” franşizasının 27 filmini təhlil edərək onların reytinqini hazırlayıb.
Araşdırma zamanı filmlərin “Rotten Tomatoes” platformasındakı tənqidçi rəyləri və inflyasiya nəzərə alınmaqla hesablanmış beynəlxalq kassa gəlirləri müqayisə edilib.
Tənqidçilərin ən çox bəyəndiyi ekran əsərləri arasında Şon Konnerinin baş rolda oynadığı “Qoldfinger” (1964) filmi ilk pillədə qərarlaşıb. Film 99 faiz müsbət rəy toplayıb.
Tənqidçilərin ən yüksək qiymət verdiyi 5 film:
1. “Qoldfinger” (1964) – 99 faiz;
2. “Rusiyadan sevgilərlə” (1963) – 97 faiz;
3. “Doktor Nou” (1962) – 95 faiz;
4. “Kazino Royale” (2006) – 94 faiz;
5. “007: Skyfall” (2012) – 92 faiz.
Reytinqin əks qütbündə isə Rocer Murun rol aldığı “Öldürməyə baxış” (1985) filmi qərarlaşıb. Ekran əsəri tənqidçilərdən cəmi 38 faiz müsbət rəy alıb.
Ən aşağı qiymətləndirilən 5 Bond filmi:
1. “Öldürməyə baxış” (1985) – 38 faiz;
2. “Qızıl tapançalı adam” (1974) – 40 faiz;
3. “Octopussy” (1983) – 41 faiz;
4. “Dünya kifayət deyil” (1999) – 51 faiz;
5. “Başqa gün öl” (2002) – 55 faiz.
Nəşr filmlərin kommersiya uğurlarını da müqayisə edib. İnflyasiya nəzərə alınmaqla hesablanan gəlirlərə əsasən, ən yüksək nəticə Daniel Kreyqin baş rolda oynadığı “Skyfall” filminə məxsusdur. Ekran əsərinin dünya üzrə kassa gəliri indiki pulla təxminən 1,7 milyard dollar təşkil edir.
Ən çox gəlir gətirən 5 film:
1. “007: Skyfall” (2012) – 1,7 milyard dollar;
2. “İldırım topu” (1965) – 1,5 milyard dollar;
3. “Qoldfinger” (1964) – 1,3 milyard dollar;
4. “007: Spektr” (2015) – 1,2 milyard dollar;
5. “Yaşa və qoy ölsünlər” (1973) – 1,2 milyard dollar.
Kassa gəlirlərinə görə ən zəif nəticə göstərən filmlər isə “Öldürmək lisenziyası” (1989), “Öldürməyə baxış” (1985) və “Qızıl tapançalı adam” (1974) olub. Onların inflyasiya nəzərə alınmaqla gəlirləri müvafiq olaraq 350 milyon, 450 milyon və 520 milyon dollar civarında qiymətləndirilib.
Beləliklə, “Qoldfinger” və “Skyfall” həm tənqidçilərin rəğbətini qazanmaq, həm də kommersiya uğuru baxımından franşizanın ən seçilən ekran əsərləri sırasında yer alıb.
Aydın