Xəbər lenti

Avropanın nadir təbiət möcüzəsi təhlükə altındadır: UNESCO həyəcan təbili çalır
Dünya16:46 22.11.2026

Avropanın nadir təbiət möcüzəsi təhlükə altındadır: UNESCO həyəcan təbili çalır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropanın ən unikal təbii ərazilərindən biri hesab olunan Vadden dənizinin ekosistemi ciddi təhlükə ilə üzləşib. Almaniya, Danimarka və Niderland sahilləri boyunca yüzlərlə kilometr uzanan bu ərazi insan fəaliyyəti və iqlim dəyişikliklərinin təsiri altında tədricən öz təbii xüsusiyyətlərini itirir.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.

Dünyanın ən böyük fasiləsiz qabarma-çəkilmə qumlu və lil sahilləri sisteminə malik olan Vadden dənizi 2009-cu ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Lakin hazırda onun vəziyyəti o qədər narahatedici hesab olunur ki, ərazi təhlükə altında olan Ümumdünya İrs obyektləri siyahısına salına bilər.

2027-ci ildə UNESCO və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) mütəxəssisləri Vadden dənizində birgə yoxlama apararaq ekosistemin vəziyyətini qiymətləndirməyi planlaşdırırlar.

Vadden dənizinin əsas xüsusiyyəti suyun qabarması və çəkilməsi zamanı mənzərəsinin dəyişməsidir. Sular geri çəkildikdə geniş qumlu sahələr, lil örtüklü ərazilər və dərin kanallar üzə çıxır. Bu ərazilər minlərlə canlı növü, xüsusilə də köçəri quşlar üçün mühüm qidalanma və istirahət məkanıdır.

Lakin duz və qaz hasilatı, balıqçılıq, turizm, hərbi təlimlər və digər insan fəaliyyəti təbii tarazlığı pozur.

Niderlandın Waddenvereniging təbiəti mühafizə təşkilatının dəniz bioloqu Vuter van der Hey vəziyyəti olduqca həssas adlandırıb. Onun sözlərinə görə, quşların və balıqların sayı azalır, lil sahələrində biomüxtəliflik zəifləyir.

Dənizin təbii quruluşu dəyişir

Mütəxəssislərin diqqət çəkdiyi əsas təhlükələrdən biri dəniz səviyyəsinin yüksəlməsi və faydalı qazıntıların çıxarılması nəticəsində torpağın çökməsidir.

Dənizin dibindən qaz və duz hasilatı nəticəsində bəzi sahələrdə torpaq səthinin aşağı düşməsi ehtimalı var. Bu proses dəniz suyunun çəkildiyi vaxt lil sahələrinin əvvəlki kimi üzə çıxmasına mane ola bilər.

Nəticədə həmin ərazilərdə qidalanan köçəri quşlar üçün ciddi problem yaranacaq. Vuter van der Hey hesab edir ki, bu proses davam edərsə, milyonlarla quşun istifadə etdiyi Şərqi Atlantik miqrasiya marşrutu da təhlükə altına düşə bilər.

Bundan başqa, Şimal dənizində inşa edilən böyük külək elektrik stansiyalarını elektrik şəbəkəsinə birləşdirmək üçün Vadden dənizinin bəzi hissələrindən və adaların altından kabellər çəkilir. Bu işlər də ekosistemə əlavə yük yaradır.

Ekspertlərin narahatlığı ondadır ki, yeni enerji layihələri həyata keçirilsə də, qaz və duz hasilatı, balıqçılıq, eləcə də gəmiçilik kanallarının dərinləşdirilməsi kimi fəaliyyətlər davam edir. Beləliklə, təbiətə təsir göstərən mövcud amillərin üzərinə yeniləri əlavə olunur.

Yerli sakinlər də narahatdır

Vadden dənizinin qorunması ilə bağlı müzakirələr yerli əhali arasında da narazılıq yaradıb. İlin əvvəlində yayılan bəzi xəritələrdə təbiətin mühafizəsi məqsədilə ərazinin geniş hissələrinin yerli sakinlər və turistlər üçün bağlana biləcəyi göstərilirdi.

Bundan sonra Niderlandda “Biz Vadden dəniziyik” adlı kampaniya başlayıb. Yerli sakinlərin dəstəklədiyi təşəbbüs çərçivəsində petisiya 50 mindən çox imza toplayıb. Adalarda yaşayanlar turizm fəaliyyətinin məhdudlaşdırılmasının onların dolanışığına ciddi zərbə vuracağından ehtiyat edirlər.

Niderlandın Vlieland adasında yaşayan və turizm sahəsində çalışan Ant van der Ven bildirib ki, adalarda iqtisadi həyatın böyük hissəsi məhz turistlərdən asılıdır. Onun fikrincə, turizm imkanlarının itirilməsi yerli əhalinin böyük hissəsini müflisləşmə təhlükəsi ilə üz-üzə qoya bilər.

Niderland hökuməti isə yerli sakinlərlə kommunikasiya məsələsində çatışmazlıqlar olduğunu etiraf edib və gələcək qərarların qəbulunda onların daha fəal iştirakını təmin edəcəyini açıqlayıb.

Üç ölkənin ortaq məsuliyyəti

Vadden dənizinin qorunmasına Niderland, Almaniya və Danimarka birlikdə cavabdehdir. Ərazi eyni zamanda milli park, UNESCO-nun Ümumdünya İrs obyekti və Avropanın Natura 2000 ekoloji şəbəkəsinin bir hissəsidir.

Buna baxmayaraq, mühafizə qaydalarının müxtəlif ölkələrdə fərqli tətbiq edilməsi nəzarət və məsuliyyət məsələlərini çətinləşdirir. Ekoloqlar xüsusilə Almaniyanın Vadden dənizi hissəsində dibdən balıq ovunun davam etməsini tənqid edirlər.

Niderlandın Waddenvereniging təşkilatı artıq UNESCO-ya müraciət edərək Harlingen yaxınlığında dəniz dibindən duz hasilatının genişləndirilməsi planlarına qarşı daha qəti mövqe nümayiş etdirməyə çağırıb.

Təşkilat hesab edir ki, Vadden dənizinin qorunması üçün ayrı-ayrı fəaliyyətlərə deyil, onların hamısının ümumi ekosistemə təsirinə qiymət verilməlidir.

Mütəxəssislərin fikrincə, əsas problem təbiətin mühafizəsi ilə iqtisadi maraqlar arasında tarazlığın pozulmasıdır. Əgər mövcud tendensiya dəyişməzsə, Avropanın ən qiymətli təbii ərazilərindən biri özünəməxsus ekoloji funksiyalarını itirə bilər.

Aydın