Xəbər lenti

İnsanın zehni və emosional zəkasının zirvəsinə çatdığı dəqiq yaş - Alimlərin cavabı
Dünya23:30 22.11.2026

İnsanın zehni və emosional zəkasının zirvəsinə çatdığı dəqiq yaş - Alimlərin cavabı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İnsanların zehni və emosional imkanlarının ən yüksək səviyyəyə çatdığı dövrün 20-30 yaşlar olduğu barədə geniş yayılmış fikir elmi araşdırmada sual altına alınıb. Tədqiqatçılar müəyyən ediblər ki, insanın ümumi intellektual potensialı daha gec – 55-60 yaş aralığında zirvəyə çatır.

Qaynarinfo xəbər verir ki, Qərbi Avstraliya Universiteti və Varşava Universitetinin alimləri tərəfindən aparılan araşdırmanın nəticələri “Intelligence” elmi jurnalında dərc olunub.

Tədqiqat zamanı ayrı-ayrı zehni qabiliyyətlər deyil, insanın intellektual və psixoloji xüsusiyyətləri bütöv şəkildə qiymətləndirilib. Məlum olub ki, yaddaş və informasiyanın emal sürəti kimi bəzi bacarıqlar 25 yaşdan sonra zəifləməyə başlasa da, bu, ümumi intellektual imkanların da həmin vaxtdan geriləməsi demək deyil.

Alimlərin qənaətinə görə, insanın ümumi zehni fəaliyyəti 55-60 yaşlarında ən yüksək səviyyəyə çatır. Bu göstəricilərdə nəzərəçarpacaq azalma isə əsasən 65-70 yaşdan sonra müşahidə olunur.

Təcrübə və emosional sabitlik üstünlük qazandırır

Araşdırmada bildirilir ki, yaş artdıqca insanın bəzi qabiliyyətləri zəifləsə də, digər sahələrdə inkişaf davam edir. Xüsusilə toplanmış biliklər, söz ehtiyatı, maliyyə savadlılığı, düzgün qərarvermə və emosional intellekt daha yetkin yaşlarda yüksək səviyyəyə çatır.

Şəxsiyyətin sabitliyi, məsuliyyətlilik və emosional dayanıqlılıq da əsasən həyatın sonrakı mərhələlərində güclənir. Tədqiqatçılar bunu beynin müəyyən sahələrdəki itkiləri digər zehni imkanların inkişafı hesabına kompensasiya etməsi ilə əlaqələndirirlər.

Beləliklə, gənclik dövründə daha sürətli düşünmək mümkün olsa da, mürəkkəb məsələləri təhlil etmək, təcrübəyə əsaslanan qərarlar vermək və emosiyaları idarə etmək baxımından orta və yuxarı yaş dövrü üstünlük yarada bilər.

Yaşlı işçilərə münasibət yenidən nəzərdən keçirilməlidir

Araşdırmanın nəticələri əmək bazarında yaşla bağlı stereotipləri də gündəmə gətirir. ABŞ-da AARP təşkilatının keçirdiyi sorğuya əsasən, 50 yaşdan yuxarı insanların 74 faizi yaşlarının yeni iş tapmaqda maneə yaratdığını düşünür.

Böyük Britaniyada aparılan başqa bir sorğuda isə işəgötürənlərin 24 faizinin 50 yaşdan yuxarı şəxslərin işə götürülməsini məqsədəuyğun hesab etmədiyi müəyyənləşdirilib.

Halbuki alimlərin nəticələri göstərir ki, məhz 40-65 yaş aralığında olan insanlar təcrübə, bilik və emosional sabitlik baxımından mürəkkəb qərarların qəbulunda mühüm üstünlüklərə malik ola bilərlər.

Tədqiqatın əsas mesajı insanın intellektual imkanlarının yalnız gəncliklə məhdudlaşmadığını göstərməkdir. Bununla belə, nəticələr hər bir insanın eyni yaşda eyni səviyyəyə çatdığı anlamına gəlmir. Fərdi xüsusiyyətlər, sağlamlıq və həyat tərzi də zehni qabiliyyətlərə təsir göstərir.

Aydın