
Polşada yerləşən Suloşova kəndi qeyri-adi şəhərsalma quruluşu ilə diqqət çəkir. Təxminən 700 ildir minlərlə insanın yaşadığı bu kənddə evlər bir küçə boyunca, təxminən 9 kilometr məsafədə sıralanıb.
Qaynarinfo xəbər verir ki, Krakov şəhərindən 30 kilometr aralıda yerləşən kəndin özünəməxsus quruluşu barədə “GameStar” nəşri yazıb.
Suloşovanı Avropanın digər kəndlərindən fərqləndirən əsas xüsusiyyət yaşayış evlərinin, mağazaların və ictimai obyektlərin demək olar ki, hamısının bir əsas yolun kənarında yerləşməsidir. Söhbət 773 nömrəli voyevodluq yolundan gedir.
Evlərin arxasında isə uzun və ensiz kənd təsərrüfatı sahələri uzanır. Havadan çəkilən görüntülərdə bu ərazilər yaşıl və qızılı rənglərdən ibarət nəhəng mozaikanı xatırladır.

700 illik şəhərsalma ənənəsi
Nəşrin məlumatına görə, kəndin bu formada salınması Polşada “Ulicówka” adlanan ənənəvi yaşayış modelinə əsaslanır. Orta əsrlərdə geniş yayılan bu planlaşdırma üsulu iki mühüm ehtiyacı eyni vaxtda qarşılayırdı: hər ailənin əsas nəqliyyat yoluna birbaşa çıxışı təmin olunur, evlərin arxasında isə əkin üçün yararlı torpaq sahəsi ayrılırdı.
Yerli rəvayətlərə görə, Krakov knyazlarından biri vaxtilə bu əraziləri Suloş adlı cəngavərə mükafat olaraq verib. Kəndin adının da həmin şəxsin adından yarandığı ehtimal olunur. Bəzi mənbələr yaşayış məntəqəsinin rəsmi əsasının XVI əsrdə qoyulduğunu göstərsə də, onun planlaşdırma prinsipləri daha qədim dövrə gedib çıxır.
Müharibələrə, zamanın dəyişməsinə və müasir infrastrukturun inkişafına baxmayaraq, kənd ilkin quruluşunu qoruyub saxlaya bilib.
Havadan görünən rəngarəng mənzərə
Suloşovanın məşhurlaşmasının səbəblərindən biri də evlərin arxasındakı əkin sahələrinin yaratdığı qeyri-adi mənzərədir. Hər ailə öz torpağından fərqli məqsədlər üçün istifadə edir. Bəziləri taxıl və raps yetişdirir, digərləri heyvandarlıqla məşğul olur, bir qismi isə torpağı müəyyən müddət əkinə ayırmır.
Məhz bu fərqli təsərrüfat fəaliyyəti və bitkilərin vegetasiya dövrləri kəndin ətrafında rəngarəng zolaqlar yaradır. Yerli şura nümayəndəsi Katarjina Byeda mənzərəni nəhəng yarpağa bənzədərək, əsas yolu onun mərkəzi damarı, əkin sahələrini isə yan damarları ilə müqayisə edib. Bu səbəbdən Suloşovanı bəzən “Kiçik Toskana” da adlandırırlar.
Rəsmi məlumatlara əsasən, kəndin özündə 3347 nəfər, onun daxil olduğu inzibati ərazidə isə ümumilikdə 5575 nəfər yaşayır. Yerli sakinlər bir-birini yaxından tanıyır, çiyələk və kartof festivalları təşkil edərək yeni məhsul mövsümünü birlikdə qeyd edirlər.
Aydın