
Beynəlxalq Hipertoniya Cəmiyyəti arterial təzyiqin qiymətləndirilməsi ilə bağlı 2026-cı il üçün yenilənmiş tövsiyələrini açıqlayıb. Yeni qaydalara əsasən, əvvəllər normal həddə yaxın hesab edilən bəzi göstəricilər artıq yüksəlmiş arterial təzyiq kimi qiymətləndirilir.
Qaynarinfo xəbər verir ki, bu barədə rynekzdrowia.pl portalı məlumat yayıb.
Yenilənmiş tövsiyələrə görə, klinik şəraitdə sistolik təzyiqin 130-139 mm civə sütunu, diastolik təzyiqin isə 80-89 mm civə sütunu arasında olması yüksəlmiş arterial təzyiq hesab edilir.
Evdə aparılan ölçmələrdə isə yeddi gün ərzində qeydə alınan orta göstərici 130-135/80-85 mm civə sütunu olduqda diqqətli olmaq tövsiyə edilir.
Mütəxəssislər bildirirlər ki, bu göstəricilər normadan kənaraçıxma sayılır və həkim nəzarəti tələb edir. Yeni qaydalara əsasən, yüksəlmiş arterial təzyiqi təsdiqlənən insanların əksəriyyətinə müalicə tövsiyə olunur. Məqsəd təzyiqi 130/80 mm civə sütunundan aşağı səviyyəyə endirməkdir.
Sənəddə müalicə üsulları ilə bağlı da yeniliklər yer alıb. Belə ki, aldosteron-sintaza inhibitorları, endotelin reseptorlarının antaqonistləri və qeyri-steroid mineralokortikoid reseptor antaqonistləri kimi preparatların istifadəsi nəzərdən keçirilir.
Bəzi xəstələrdə isə ixtisaslaşmış tibb mərkəzlərində böyrək denervasiyası prosedurunun tətbiqi də mümkün hesab olunur.
Qeyd edək ki, yeni tövsiyələr 2020-ci ildə dərc edilmiş əvvəlki qaydaların yenilənmiş versiyasıdır. Dəyişikliklərin son elmi araşdırmalar və müasir tibbi texnologiyalar əsasında hazırlandığı bildirilir.
Aydın