
Azərbaycan futbolunda iki yubiley qeydə alınıb.
Qaynarinfo PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Zirə”nin gürcüstanlı hücumçusu Davit Volkov klubun heyətində 50-ci qolunu vurub. Bu əlamətdar hadisə Misli Premyer Liqasının XII turunda “İmişli” ilə səfər oyununa (2:2) təsadüf edib.
Volkov “Zirə”nin formasında keçirdiyi 156-cı matçda 50-ci dəfə fərqlənib. O, bu qolların 42-ni Premyer Liqada (124 oyun), 3-nü ölkə kubokunda (18 oyun), 5-ni isə avrokuboklarda (14 oyun) vurub. Hücumçu 2020-ci il martın 8-də “Səbail”lə qarşılaşmada “Zirə”nin heyətində ilk qolunu vurub. Hazırda o, klub tarixinin ən yaxşı bombardiridir.
Digər yubiley isə “Kəpəz”in müdafiəçisi Əli Səmədovla bağlıdır. 29 yaşlı futbolçu Premyer Liqada 100-cü oyununu keçirib. Bu hadisə çempionatın XII turunda “Qarabağ”a qarşı ev matçında baş verib.
2015/2016 mövsümündə Premyer Liqada debüt edən Səmədov indiyədək iki klubun formasını geyinib. O, “Kəpəz”də 86 oyunda 1 qol vurub, “Şamaxı”nın heyətində isə 14 matçda meydana çıxıb.
Qeyd edək ki, Əli Səmədov Azərbaycan Premyer Liqası tarixində 100 və daha çox oyun keçirən 461-ci futbolçu olub.