
Azərbaycanda sənədi olmayan və ya yalnız bələdiyyə sənədi ilə tanınan evlərin alqı-satqısı zamanı alıcılar bir sıra problemlərlə üzləşirlər. Çox vaxt vətəndaşlar bələdiyyə qərarını evin mülkiyyət sənədi hesab edir və bu sənədlə əmlakı rahatlıqla alıb-sata biləcəklərini düşünürlər. Lakin bələdiyyə sənədinin olması heç də həmin evin qanuni şəkildə satıla biləcəyi demək deyil.
Bəs bələdiyyə sənədi ilə ev almaq hansı hüquqi risklər yaradır? Belə əmlakların notarial qaydada satılması mümkündürmü?
Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu məsələyə birmənalı yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, əsas meyar sənədin mövcudluğu deyil, onun hansı hüququ təsdiq etməsidir:
"Bələdiyyənin qərarı, sərəncamı və ya torpaq ayrılması haqqında sənəd müəyyən hüquqların qeydiyyatı üçün əsas ola bilər. Lakin bu sənədlərin mövcudluğu avtomatik olaraq evin sərbəst şəkildə alqı-satqısına hüquq vermir. Azərbaycan qanunvericiliyində daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması və başqa şəxsə keçməsi dövlət qeydiyyatı ilə rəsmiləşdirilməlidir. Bu məsələnin hüquqi çərçivəsini Mülki Məcəllənin 139, 146 və 146.3-cü maddələri müəyyən edir".
Fərid Cəfərovun sözlərinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması və mülkiyyətçinin sərəncam vermək hüququnun rəsmiləşdirilməməsi adi notarial alqı-satqını mümkünsüz edir:
"Əsas prinsip budur: Əgər daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmayıbsa və mülkiyyətçinin sərəncam vermək hüququ rəsmiləşdirilməyibsə, həmin evin adi notarial alqı-satqısı mümkün deyil".
Ekspert alıcıları belə əmlakları əldə edərkən diqqətli olmağa çağırıb. O bildirib ki, alqı-satqıdan əvvəl yalnız təqdim olunan sənədə baxmaq kifayət etmir, əmlakın hüquqi vəziyyəti kompleks şəkildə araşdırılmalıdır:
"Bu səbəbdən alıcı ilk növbədə sənədin hüquqi qüvvəsini, torpaq sahəsinin statusunu, tikilinin qanuniliyini və dövlət reyestrindəki vəziyyətini yoxlamalıdır".
Fərid Cəfərov vurğulayıb ki, bələdiyyə sənədi hər zaman evi satmaq üçün kifayət edən mülkiyyət sənədi hesab edilə bilməz. Daşınmaz əmlak bazarında hüquqi təhlükəsizliyin əsas təminatı mülkiyyət hüququnun qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmasıdır.
Günay İlqarqızı