
Bərdə rayonunda qanunsuz odlu silah və döyüş sursatı saxlayan şəxs 1 il müddətinə azadlıqdan məhrum edilib.
Qaynarinfo-nun məlumatına görə, 1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Bərdə rayonunun Lənbəran kəndində qeydiyyatda olan şəxs Laçın rayonunda işləyərkən tapdığı tapançanı yaşadığı evə gətirərək gizlədib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, təxminən 1 il 3 ay əvvəl Laçın ərazisində fəhlə işləyərkən daşların arasında bir ədəd tapança tapıb. O, silahı muzeyə təqdim etmək istəsə də, tanışlarının məsləhətindən sonra bu barədə heç kimə məlumat verməyib.
Tapançanı cibində Bərdə rayonunun Lənbəran kəndindəki evinə gətirən şəxs onu həyətindəki ot tayasının altında gizlədib. Daha sonra işləmək üçün Bakıya gedib.
Bərdə Rayon Polis Şöbəsinə onun qanunsuz odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşları evinə gələrək baxış keçirən zaman həmin şəxs tapançanın yerini könüllü olaraq göstərib və silahı təhvil verib.
Ekspertiza zamanı silahın kustar üsulla hazırlanmış, 5,6 mm kalibrli, “Revolver” sistemli, texniki cəhətdən saz və atəşə yararlı odlu silah olduğu müəyyən edilib. Bundan başqa, onun üzərindən döyüş sursatı hesab edilən 5 ədəd patron götürülüb. Patronların da atəşə yararlı olduğu təsdiqlənib.
Təqsirləndirilən şəxs məhkəmədə əməlindən peşman olduğunu bildirib. O, himayəsində yaşlı və xəstə valideynlərinin, eləcə də azyaşlı qızının olduğunu, ailənin yeganə qazanc gətirən şəxsi olduğunu deyərək yüngül cəza verilməsini xahiş edib.
Məhkəmə onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və peşmanlığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməyib.
Məhkəmənin hökmü ilə həmin şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Aydın