Xəbər lenti

"Əvvəllər oğru banka girirdi, indi qapını müştəri özü açır" - 1,6 milyon manatlıq rəqəmsal fırıldaqçılığın sirri
Ekonomiks19:00 23.11.2026

"Əvvəllər oğru banka girirdi, indi qapını müştəri özü açır" - 1,6 milyon manatlıq rəqəmsal fırıldaqçılığın sirri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda ödəniş kartları ilə rəqəmsal fırıldaqçılıq əməliyyatlarının həcmi kəskin artıb. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2026-cı ilin III rübündə ölkədaxili xidmət şəbəkəsi üzrə belə əməliyyatların dəyəri 1 milyon 635 min 257 manata çatıb. Bu, əvvəlki rüblə müqayisədə 52,18 faiz çoxdur. Diqqətçəkən digər məqam isə fırıldaqçılıq hallarının təxminən 98 faizinin elektron ticarət və mobil tətbiqlər vasitəsilə həyata keçirilməsidir.

Bəs rəqəmsal fırıldaqçılıq hallarının bir rübdə 52 faizdən çox artması nə ilə bağlıdır? Bu statistika bankların təhlükəsizlik sistemlərində boşluqların olduğunu göstərirmi? Banklar müştərilərin kart məlumatlarını və hesablarını qorumaq üçün hansı mexanizmlərdən istifadə edir və bu tədbirlər dələduzluğun qarşısını almaq üçün kifayətdirmi?

İqtisad elmləri üzrə fəlsəfə doktoru İsmayıl Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu artımı bankların təhlükəsizlik sistemlərinin zəifləməsi kimi deyil, rəqəmsal ödəniş ekosistemində hücum modelinin dəyişməsi kimi qiymətləndirmək lazımdır:

"Bu artımı “bankların təhlükəsizliyi zəifləyib” kimi yox, “rəqəmsal ödəniş ekosistemində hücumların iqtisadi modeli dəyişib” kimi qiymətləndirərdim. Mərkəzi Bankın öz məlumatına görə, rəqəmsal fırıldaqçılıq statistikasında göstərilən halların hamısı kart istifadəçilərinin şəxsi məlumatlarını kiberdələduzlara təqdim etməsi nəticəsində baş verib. Yəni söhbət avtomatik olaraq bankın sisteminin sındırılmasından getmir. Fırıldaqçılıq hallarının böyük hissəsi istifadəçilərin məlumatlarının kiberdələduzların əlinə keçməsi ilə bağlıdır".

İqtisadçı hesab edir ki, rəqəmsal fırıldaqçılığın artmasının səbəblərindən biri də nağdsız ödənişlərin və elektron xidmətlərin sürətlə yayılmasıdır. Onun sözlərinə görə, bu gün insanlar bank filialına getmədən kartla alış-veriş edir, mobil tətbiqlər vasitəsilə ödənişlər həyata keçirir, internetdən məhsul alır, kommunal xidmətləri ödəyir və pul köçürürlər. Bu, iqtisadi baxımdan müsbət proses olsa da, kiberdələduzlar üçün yeni imkanlar yaradır:

"Rəqəmsal əməliyyatların özünün sürətlə artması da nəzərə alınmalıdır. Artıq bank filialına getmədən kartla alış-veriş edir, mobil tətbiqdən ödəniş edir, internetdən məhsul alır, kommunal xidmət ödəyir, pul köçürürük. İqtisadi baxımdan çox müsbət prosesdir. Amma başqa tərəfdən, cinayətkar üçün də yeni hücum səthi yaradır. Ona görə də rəqəmsallaşma artdıqca fırıldaqçının potensial bazarı da böyüyür".

İsmayıl Məmmədovun fikrincə, müasir kiberdələduzluğun əsas xüsusiyyəti cinayətkarların birbaşa bank sisteminə hücum etmək əvəzinə, insanları manipulyasiya edərək onların öz məlumatlarını təqdim etməsinə nail olmasıdır. O, bunu şərti nümunə ilə izah edib:

"Təsəvvür edin, dələduz bankın sisteminə hücum edir və milyonlarla manat əldə etmək istəyir. Bu, texniki baxımdan çox çətin və risklidir. Amma başqa yol var. Müştəriyə zəng edir: “Salam, bankın təhlükəsizlik xidmətindən zəng edirik. Kartınızdan şübhəli əməliyyat aparılır. Ləğv etmək üçün telefona gələn kodu deyin”. Müştəri kodu özü deyir. Problem insanın manipulyasiya edilməsində yaranıb. Dələduzların hədəfi artıq bank sistemi deyil, insanın özüdür".

Ekspert qeyd edib ki, bu gün kiberdələduzlar müxtəlif qurum və xidmətlərin adından istifadə edərək saxta səhifələr və təkliflər hazırlayırlar. Bunlara bank, polis və prokurorluq əməkdaşları, Dövlət Vergi Xidməti, investisiya platformaları, alış-veriş saytları, kuryer xidmətləri, lotereyalar, iş elanları və kredit təklifləri adı ilə yaradılan saxta resurslar daxildir. Məqsəd kartı fiziki olaraq ələ keçirmək deyil, kart sahibini məlumatlarını özü daxil etməyə inandırmaqdır.

İqtisadçının sözlərinə görə, bankların təhlükəsizlik sistemləri də artıq yalnız əməliyyatın təsdiqlənməsinə deyil, müştərinin davranışının təhlilinə əsaslanmalıdır:

"Bank sistemi görür ki, telefon müştərinin telefonudur, tətbiq müştərinin cihazındadır, biometrik məlumat düzgündür, birdəfəlik təsdiq kodu daxil edilib və əməliyyat təsdiqlənib. Amma burada mühüm fərq var: sistem əməliyyatı kimin təsdiqlədiyini müəyyən edə bilər, lakin həmin şəxsin hansı şəraitdə və hansı təsir altında bu addımı atdığını həmişə müəyyən edə bilmir. Bu, artıq sadəcə “əməliyyatı təsdiqlə və ya təsdiqləmə” modeli deyil, müştərinin davranışını başa düşmək modelidir".

İsmayıl Məmmədov bildirib ki, banklar müştərilərin vəsaitlərini qorumaq üçün 3D Secure, tokenizasiya, biometrik autentifikasiya və real vaxt rejimində işləyən antifırıldaqçılıq sistemləri kimi çoxqatlı müdafiə mexanizmlərindən istifadə edirlər. Bu texnologiyaların hər birinin öz funksiyası olsa da, onların heç biri dələduzluq riskini tamamilə aradan qaldırmır:

"3D Secure onlayn kart əməliyyatlarında əlavə təhlükəsizlik qatı yaradır. Xüsusilə kartın fiziki iştirak etmədiyi ödənişlərdə əhəmiyyətlidir. Amma 3DS-in olması fırıldaqçılığın mümkünsüz olması demək deyil. Çünki istifadəçi özü saxta səhifədə məlumatlarını təqdim edə bilər.

Tokenizasiya texnologiyası real kart nömrəsinin əvəzinə xüsusi rəqəmsal identifikatordan istifadə edilməsini nəzərdə tutur. Bu, kart məlumatlarının başqa mühitdə istifadəsini çətinləşdirir. Biometrik autentifikasiya – barmaq izi, üz tanıma və digər mexanizmlər hesabın ələ keçirilməsi riskini əhəmiyyətli dərəcədə azaldır. Lakin dələduz müştərinin öz cihazından istifadə etdirə bilirsə, biometrika həmin şəxsin müştəri olduğunu sübut edir, amma əməliyyatı hansı səbəbdən etdiyini göstərmir. Bu, çox mühüm fərqdir".

Ekspert hesab edir ki, gələcəkdə əsas mübarizə real vaxt rejimində işləyən antifırıldaqçılıq sistemlərinin təkmilləşdirilməsi üzərində qurulmalıdır. Bununla belə, təhlükəsizlik tədbirlərinin həddindən artıq sərtləşdirilməsi də normal müştərilər üçün çətinlik yarada bilər:

"Real-time antifraud sistemləri eyni anda əməliyyatın məbləğini, ödənişin aparıldığı ölkəni, cihazı, IP ünvanını, əməliyyat tezliyini, əvvəlki davranışı, kartın tarixçəsini, hesabın davranışını, vaxtı və digər risk göstəricilərini qiymətləndirir. Amma antifraud sistemini həddindən artıq sərtləşdirsəniz, sağlam əməliyyatları da bloklayarsınız.

Məsələn, mən Bakıda hər gün 100 manatlıq alış-veriş edirəm. Bir gün xaricə gedirəm və 3 000 manatlıq hotel ödənişi edirəm. Sistem deyə bilər ki, bu müştəri üçün qeyri-adi əməliyyatdır və kartı bloklaya bilər. Müştəri isə deyəcək: “Mənim pulumdur, niyə istifadə edə bilmirəm?” Yəni həm dələduzluğu azaltmalı, həm də normal müştərini əsassız yerə bloklamamalıdır. Bu, antifraud idarəetməsinin ən çətin iqtisadi optimallaşdırma məsələlərindən biridir".

İqtisadçı sonda bildirib ki, rəqəmsal fırıldaqçılıqla mübarizədə texniki təhlükəsizlik tədbirləri ilə yanaşı, vətəndaşların maarifləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Çünki müasir kiberdələduzlar çox vaxt bankın müdafiə sistemini keçmək əvəzinə, insanların etibarından və məlumatsızlığından istifadə edirlər:

"Əvvəllər oğru banka girməyə çalışırdı, indi isə çox vaxt müştərini elə aldadır ki, qapını müştərinin özü açır".

Günay İlqarqızı