Xəbər lenti

Elektron uçot sosial yardımların verilməsində nəyi dəyişəcək? - İqtisadçıdan açıqlama
Ekonomiks16:57 23.11.2026

Elektron uçot sosial yardımların verilməsində nəyi dəyişəcək? - İqtisadçıdan açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda 2027-ci ildən etibarən ev təsərrüfatlarının uçotu ilk dəfə tam elektron qaydada aparılacaq. Yeni sistem vasitəsilə ailələrin tərkibi, sosial vəziyyəti, gəlirləri, məşğulluğu və yaşayış şəraiti barədə məlumatlar vahid bazada toplanacaq. Bu yeniliyin dövlətin sosial siyasətinə, xüsusilə aztəminatlı ailələrin müəyyənləşdirilməsinə və sosial yardımların ünvanlı şəkildə verilməsinə necə təsir edəcəyi maraq doğurur.

Bəs ev təsərrüfatlarının uçotunun elektronlaşdırılması dövlətin sosial siyasətinə hansı üstünlükləri qazandıra bilər? Yeni sistem ailələrin real ehtiyaclarının müəyyənləşdirilməsi ilə bağlı mövcud çətinlikləri aradan qaldıra biləcəkmi?

İqtisadçı Eyyub Kərimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, ev təsərrüfatlarının uçotunun elektronlaşdırılması dövlət sosial siyasətinin daha dəqiq və effektiv qurulmasına imkan verəcək:

"Belə ki, bu sistemin əsas üstünlüyü ailələrin real sosial-iqtisadi vəziyyəti, gəlirləri, məşğulluğu və yaşayış şəraiti barədə vahid məlumat bazasının formalaşmasıdır".

İqtisadçı qeyd edib ki, hazırda sosial dəstək mexanizmlərində əsas çətinliklərdən biri ailələrin faktiki gəlirlərinin və real ehtiyaclarının müəyyənləşdirilməsidir. Xüsusilə qeyri-formal məşğulluq, mövsümi gəlirlər, kənd təsərrüfatı fəaliyyəti və ailələrin sosial vəziyyətindəki dəyişikliklər bu prosesi çətinləşdirir:

"Elektron uçot bu problemlərin həllinə, sosial yardımların daha dəqiq ünvanlanmasına və büdcə vəsaitlərinin səmərəli bölüşməsinə şərait yarada bilər. Eyni zamanda, regionlar üzrə yoxsulluq, işsizlik və sosial risklərin daha dolğun təhlili mümkün olacaq".

Eyyub Kərimlinin sözlərinə görə, yeni sistemin effektivliyi məlumatların düzgün toplanmasından, mütəmadi yenilənməsindən və digər dövlət informasiya sistemləri ilə inteqrasiyasından asılı olacaq. Bu prosesdə fərdi məlumatların qorunması da xüsusi əhəmiyyət daşıyır.

İqtisadçı hesab edir ki, əsas məqsəd sosial yardımın sadəcə elektronlaşdırılması deyil, dövlət dəstəyinin həqiqətən ehtiyacı olan ailələrə vaxtında və düzgün çatdırılması olmalıdır:

"Bu baxımdan elektron uçot sosial siyasətin reaktiv modeldən qabaqlayıcı və məlumatəsaslı idarəetmə modelinə keçidində mühüm töhfə verə bilər".

Aydın