
Əvvəllər bir neçə dəfə məhkum olunan, cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan təxminən 9 ay sonra yenidən cinayət törədən şəxs barəsində məhkəmə hökmü çıxarılıb.
Qaynarinfo xəbər verir ki, Səbail Rayon Məhkəməsində baxılan iş üzrə S.M. yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq etməkdə təqsirli bilinib.
İttihama görə, hadisə 2026-cı ilin iyulunda, gecə saat 02:30 radələrində Səbail rayonu, Nicat Şükürlü küçəsində yerləşən yaşayış evində baş verib. S.M. evin eyvanından mənzilə daxil olaraq televizor, su qızdırıcı radiatorlar, masaüstü qaz sobası, su qızdırıcısı, su kranları, hamam aksesuarı və elektrik naqillərini oğurlayıb. Nəticədə ev sahibinə ümumilikdə 800 manat maddi ziyan dəyib.
İstintaq zamanı təqsirləndirilən şəxs əməlini etiraf edərək oğurladığı əşyaların bir hissəsini metal yığan naməlum şəxsə 120 manata satdığını bildirib. Lakin məhkəmə iclasında əvvəlki ifadəsindən imtina edərək cinayəti törətmədiyini və istintaq zamanı təzyiq altında etiraf ifadəsi verdiyini iddia edib.
Məhkəmə araşdırması zamanı onun əvvəllər dəfələrlə məhkum olunduğu məlum olub. S.M. narkotik vasitələrin qanunsuz dövriyyəsi (CM-in 234.1-ci maddəsi) və oğurluq (CM-in 177.2.2-ci maddəsi) ilə bağlı məhkumluq həyatı yaşayıb. O, sonuncu dəfə Səbail Rayon Məhkəməsinin 2026-cı ildə çıxardığı hökmlə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə müəyyən edib ki, həmin cəzanı çəkib başa vurduqdan təxminən 9 ay sonra yenidən qəsdən cinayət törədib. Bu hal onun əməlində cinayətlərin residivi (əvvəlki məhkumluq ödənilmədən yenidən qəsdən cinayət törədilməsi) kimi qiymətləndirilib və cəzanı ağırlaşdıran hal hesab olunub.
İş materiallarından görünür ki, zərərçəkmiş şəxsə dəymiş 800 manat ziyan təqsirləndirilən şəxsin atası tərəfindən ödənilib. Məhkəmə bunu cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, əvvəlki məhkumluqlarını və yenidən cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hallar kimi qiymətləndirib.
Səbail Rayon Məhkəməsinin 17 noyabr 2026-cı il tarixli hökmü ilə S.M. 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Əvvəlki hökmlə təyin olunmuş 1 il 6 aylıq cəza da qismən əlavə edilməklə ona qəti olaraq 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Seyid