Xəbər lenti

"Fyotek Enerji" MMC-nin rəhbərinə ölkədən çıxış qadağası – Şirkətin 39 min manat borcu var
Ekonomiks20:25 24.11.2026

"Fyotek Enerji" MMC-nin rəhbərinə ölkədən çıxış qadağası – Şirkətin 39 min manat borcu var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Fyotek Enerji” MMC-nin dövlət büdcəsinə və sosial sığorta fondlarına yaranmış borcuna görə şirkət rəhbərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Qaynarinfo-nun məlumatına görə, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müraciəti əsasında məhkəmə şirkətin qanuni təmsilçisi Mehmet Malkaya barəsində belə qərar qəbul edib.

Məhkəmə materiallarına əsasən, 2019-cu ildə dövlət qeydiyyatına alınan “Fyotek Enerji” MMC-nin dövlət büdcəsinə 30 min 694,45 manat, Dövlət Sosial Müdafiə Fonduna 2 min 958,05 manat, İşsizlikdən sığorta fonduna 123,97 manat, İcbari Tibbi Sığorta Fonduna isə 474,84 manat borcu yaranıb. Ümumilikdə borcun 34 min 251,31 manat olduğu bildirilib.

Vergi orqanı borcun ödənilməsi üçün şirkətə bir neçə dəfə bildiriş göndərsə də, ödəniş həyata keçirilməyib. Sonuncu bildirişdə borcun 15 gün ərzində ödənilməyəcəyi təqdirdə şirkət rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılacağı barədə xəbərdarlıq edilib.

Məhkəmə araşdırması zamanı borcun ödənilmədiyi müəyyən olunub. Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən əldə edilən məlumatda isə şirkətin dövlət büdcəsinə borcunun 39 min 623,66 manata çatdığı göstərilib.

Məhkəmə hesab edib ki, vergi və sığorta öhdəliklərinin qanunla müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi, bildirişlərə baxmayaraq, borcun ödənilməməsi şirkət rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün hüquqi əsas yaradır.

Nəticədə ərizə təmin edilib və Mehmet Malkayanın ölkədən çıxışına müvəqqəti qadağa qoyulub. Bundan əlavə, ərizənin verilməsinə görə nəzərdə tutulan 100 manat dövlət rüsumunun da ondan tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınıb.

Qeyd edək ki, “Fyotek Enerji” MMC 12 fevral 2019-cu ildə vergi uçotuna alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 119-dur. Nizamnamə kapitalı 52 min manat olan şirkət ƏDV ödəyicisidir və aktiv vergi ödəyicisi kimi qeydiyyatdadır. Şirkətin riskli vergi ödəyicisi olmadığı bildirilir.

Vergi məlumatlarına əsasən, “Fyotek Enerji” MMC-nin borcu 39 min 657,15 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Mehmet Malkayadır.

Aydın